Azərbaycanda 350-400 qadın məhbus var. Həmin qadınlar həbsxanada 70-ə yaxın azyaşlı uşağa sahibdirlər.
Dustağın və nəzarətçinin eynicinsli olduğunu nəzərə alsaq, qadınlar həbsxana şəraitində necə uşaq dünyaya gətirirlər? Bu, qanunla necə tənzimlənir?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin müvafiq müddəlarına əsasən, cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir: “Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər. Məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər. Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər”.
Vəkilin sözlərinə görə, hamilə qadınlar doğuş və doğuşdan sonrakı müddətdə xüsusi tibbi yardım almaq hüququna malikdirlər: “Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər. Doğuş zamanı hamilə qadınlar xüsusi nəzarət altında doğum evinə göndərilirlər. Əməyə vicdanlı münasibət bəsləyən və cəzaçəkmə rejiminin tələblərinə riayət edən, habelə cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkum qadınlara cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qərarı ilə hamiləliyə və ya doğuşa görə qanunla müəyyən edilmiş qaydada, işdən azad edildikləri vaxt ərzində, habelə uşaq üç yaşına çatanadək cəzaçəkmə müəssisəsindən kənarda yaşamağa icazə verilə bilər”.
T.Abdullazadə qeyd edib ki, habelə, hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər: “Ərizəyə məhkumun xasiyyətnaməsi, məhkuma və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkumun ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlara, onların üst-başına, əşya və geyimlərinə, həmçinin cəzaçəkmə müəssisəsinin ərazisindəki binalara baxış və onlarda axtarış keçirə bilər. Şəxsi axtarış məhkumlarla eyni cinsdən olan şəxs tərəfindən aparılır”.
Müsahibimiz onu da vurğulayıb ki, əgər qadın həbsxanada olarkən uzunmüddətli görüş hüququndan istifadə edərək keçmiş yoldaşı və ya həbsxanada olarkən evləndiyi yeni yoldaşı ilə görüşməyibsə, hamilə qala bilməz: “Çünki orada qadın məhbuslarla bir yerdə saxlanılır və onlara nəzarət edən şəxslər də dövlət orqanının qadın cinsindən olan vəzifəli şəxsləridir. Əgər belə bir xoşagəlməz hal baş verərsə, deməli ortada böyük bir qanun pozuntusu var. Xidməti araşdırılma aparılmalı və təqsirli şəxslər məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.
Aytac Aslan













jpg-1679290229jpg-1679461805jpg-1679982071jpg-1680326008jpg-1680930241.webp)


