Ağdamda 2 azyaşlı uşağın valideynləri tərəfindən zorakılığa məruz qalması cəmiyyətdə ciddi narahatlıq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, körpə bir müddət əvvəl də valideynləri tərəfindən ağır işgəncələrə məruz qalıb.
Belə ki, əqli qüsurlu olduğu deyilən hər iki valideyn körpənin bədəninin bir neçə hissəsini dişləyərək xəsarət yetiriblər.
Uşaq maalicə olunduqdan sonra körpələr evində himayəyə götürülüb, lakin sonradan valideynlərinə qaytarılıb.
Bəs, maraqlıdır, belə validyenlərə uşaqların yenidən verilməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, məlumatı mətbuatdan aldıqdan dərhal sonra araşdırmalara başlayıb və qonşularla da danışdıqda qeyd ediblər ki, valideynlər psixi pozuntuları olan şəxslərdir və bu halı dəfələrlə müşahidə ediblər.
Kəmalə Ağazadə:"Çox güman ki, valideynlər barəsində cinayət işi açılacaq"
Ağazadə qeyd edib ki, hansısa səbəbdən bu uşağın valideyndən uzaqlaşdırılması ilə bağlı məhkəmə işi olub və məhkəmə, qərarı valideynin xeyrinə çıxararaq uşağı onlara qaytarıb. Hesab edir ki, proses zamanı ya ailənin qiymətləndirilməsi aparılmayıb, ya da düzgün aparılmayıb:
“Hazırda 2 yaşlı körpənin vəziyyəti ağır olaraq qalır. Mənim əldə etdiyim məlumata görə, o, artıq Bakıya gətirilib və hazırda komadadır. Çox güman ki, valideynlər barəsində cinayət işi açılacaq və onların valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı qərar veriləcək".
Onun fikrincə, bu kimi hallarda əsas məsələ ictimai qınağın güclənməsi və uşaqların təhlükəsizliyinin təmin edilməsidir.
Kəmalə Ağazadənin sözlərinə görə, zorakılığa məruz qalan bu uşaqlar heç vaxt onların mərkəzində olmayıb:
“Biz 3 yaşa qədər uşaqları artıq iki ildən çoxdur qəbul etmirik. Bu yaş qrupundakı uşaqlar birbaşa körpələr evinə göndərilir. Mənim əldə etdiyim məlumata görə, həmin uşaqlar da müəyyən müddət körpələr evində olub, lakin sonradan hansısa səbəbdən yenidən valideynlərinə verilib”.
Sədr vurğulayıb ki, bu cür halların təkrarlanmaması üçün məhkəmə qərarlarının qəbulunda daha ciddi qiymətləndirmə aparılmalı, uşaqların təhlükəsizliyi hər şeydən üstün tutulmalıdır.
Mina Mikayılova