Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, iclasda “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” müzakirə edilib.
İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Türk xalqları tarix səhnəsində önəmli rolu olan və tarixin gedişatına dəyişən güclü toplumlar olub və Türk dünyası birliyinin mövcudluğu bu gün də bir zərurətdir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim başqa ailəmiz yoxdur və bizim ailəmiz Türk dünyasıdır. Bu baxımdan Türk dövlətlərinin siyasi, iqtisadi, təhlükəsizlik baxımından təşkilatlanması vacib şərtlərdən biridir. Türk dövlətləri ilə əlaqələrin güclənməsi bütün sahələrdə o cümlədən parlamentlərarası səviyyədə hər zaman ölkəmizin siyasi prioritetlərindən biri olub. Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin yeni formatlar çərçivəsində iş birliyinin genişləndirilməsi tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət edir. TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin birinci iclası dəyərli həmkarım Hulusi Akarın rəhbərliyi ilə 2024-cü ilin may ayında Türkiyədə keçirilib. Bir çox sahədə olduğu kimi müdafiə və təhlükəsizlik sahəsində də türk dövlətləri parlamentlər arası səviyyədə vacib addımlar atırlar. Parlamentlər milli təhlükəsizlik və müdafiə strategiyalarını dəstəkləyən qanun layihələri ilə Türk Dövlətləri parlamentləri arasında birbaşa dialoq və əməkdaşlıq qura bilərlər”.
Arzu Nağıyev qeyd edib ki, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü bərpa edib: “Lakin hələ də Ermənistan sülh müqaviləsini imzalamaq üçün masaya oturmaq istəmir. Bu parlamentlərarası dialoqların müzakirə mövzusu ola bilər. Parlamentlərimizin komitələri arasında da gələcək birgə fəaliyyətimiz üçün memorandumlar imzalana bilər”.
İclasın gündəliyi qəbul edilib.
Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib ki, milli təhlükəsizliyin təmin ancaq güclü ordu ilə mümkündür: “Bunu Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi zəfər bütün dünyaya göstərdi. Qarabağ zəfəri təkcə Azərbaycan, Türkiyə deyil, bütün türk dünyası, o cümlədən dünya üçün nümunə olub”.
Hulusu Akar Türkiyənin bu gün beynəlxalq münasibətlərdə əsas aktora çevrilməsində müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərin böyük rolu olduğunu vurğulayıb və Türk dövlətləri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırıb. Sonda türk dövlətlərini Şimali Kipr Türk Cümhuriyyətini tanınmağa çağırıb.
Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuqmanov ölkəsinin hər bir türk dövləti ilə sıx əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini söyləyib.
Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov təhdidlərlə birgə mübarizənin tərəfdarı olduqlarını bildirib: “Qırğızıstan ortaq hədəflər üçün birgə irəliləməyə hazırdır”.
Özbəkistan Respublikası Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Kutbidin Burxanov hesab edir ki, qlobal miqyasda yaşanan təhlükələr nəzərə alınaraq, bir sıra strategiyalar hazırlanmalıdır: “Ölkələrimizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi ı prioritet sahə kimi qəbul edilib. Biz cəmiyyətimizdə sülh və əmin-amanlığın təmini üçün Türk dövlətlərinin müdafiə komitələri ilə əməkdaşlığı gücləndirməyi qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda Türk dövlətləri arasında kibertəhlükəsizliklə bağlı məsələlər sahəsində də əməkdaşlığın gücləndirilməsi vacibdir. Türk dövlətləri arasında hərbi, logistika sahəsində əməkdaşlığın qurulması və daha artırılması vacibdir”.
TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er bildirib ki, Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ortaq təhdidlərə cavab verilməsi, strateji maraqlarımız, regional təhlükəsizlik və sabitlik baxımından əlahiddə əhəmiyyətə malikdir: “Bu sahədə əməkdaşlığın institusionallaşmasında həm Türk Dövlətləri Təşkilatı, həm də türk əməkdaşlığının parlament ölçüsü olan TÜRKPA əsas platformalar kimi çıxış edirlər. Ölkələrimizin və ümumən bölgəmizin təhlükəsizliyi üçün atılan addımlarda parlament əməkdaşlığının özünəməxsus yerini bir daha qeyd etmək istərdim. Bundan sonra da davam edəcək parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasının nəinki TÜRKPA çərçivəsində əməkdaşlığa, o cümlədən dövlətlərimizin və regionumuzun təhlükəsizliyinə mühüm töhfə verəcəyinə ürəkdən inanıram. Türk dövlətləri arasında ortaq soy-kökə, tarixə, mədəniyyətə, dilə və dəyərlərə söykənən əməkdaşlıq türk dünyasını yüksələn güc mərkəzinə çevirir. Bu gün əməkdaşlığımız bir çox sahələrdə həmrəylikdən strateji koordinasiyaya keçid edir desək, yanılmarıq”.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemin Öztürk Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasının ayrılmaz parçası olduğunu vurğulayıb: “Şimali Kipr Türk Cümhuriyyəti ilə Türk dünyası arasında əməkdaşlığı gücləndirmək üçün TÜRKPA-nın oynadığı rol danılmazdır. Bu baxımdan Azərbaycanla ölkələrimiz arasında yaradılmış parlamentlərarası dostluq qrupunun əhəmiyyətini vurğulamaq istəyirəm. İstəyimiz odur ki, bütün Türk dünyası ölkələriylə parlamentlərarası əlaqələr gücləndirilsin. Bu gün burada həyata keçirəcəyimiz müzakirələrin buna təkan verəcəyinə inanıram”.
İclas müzakirələrlə davam edib.
***
12:00
Bakıda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin ikinci iclası keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, iclasda “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” müzakirə edilir.