Dağlıq ərazilərdə, eləcə də bəzi rayonlarda qarlı hava şəraitinə rast gəlsək də, qızıən oğlan çağı olmağına baxmayaraq, Bakıda hələ də qar yağmayıb. Hidrometeoroloqlar, Bakı sakinlərinin heç yaxın günlərdə də qar görməyəcəyini proqnozlaşdırırlar.
Bəs Bakıya qar niyə yağmır?
Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əlbəttə, dağlıq ərazilərdə havanın tempuraturu bir qədər aşağı olur və belə olan halda da qarın yağması təbiidir.
Gülşad Məmmədova, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru
Onun sözlərinə görə, lakin yaxın günlər ərzində nəinki Bakıda, ölkə ərazisində qarın yağması gözlənilmir:
“Hal-hazırda rayonlarda, dağlıq ərazilərdə, eləcə də Bakıda yağıntılı hava şəraiti müşahidə olunmur, cənub küləklərinin üstünlüyü müşahidə olunur. Yaxın 2-3 gün ərzində ölkə ərazisinin hava şəraitində mühüm bir dəyişiklik gözlənilmir, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır”.
Yeri gəlmişkən, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağmurlu keçəcəyi, rayonlarda isə yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
Nuriyyə Musayeva