Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Thai PBS” ictimai yayım şirkəti məlumat verib.
Məlumatda həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.
***
18:54
Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, şəhər qubernatoru Çadçart Sittipunt bu barədə məlumat verib.
Ölənlərdən 7-nin tikilməkdə olan 30 mərtəbəli binanın uçması nəticəsində həyatını itirdiyi bildirilib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
***
15:19
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Banqkok qubernatoru Çadçart Sittipunta istinadən bildirib.
"Banqkok qubernatoru qonşu Myanmada baş verən güclü zəlzələ nəticəsində dağıntılar səbəbindən Tailandın paytaxtında üç nəfərin öldüyünü təsdiqləyib", - məlumatda qeyd olunub.
Sittiphan əhaliyə mümkün afterşoklarla bağlı xəbərdarlıq edib və ümumilikdə vəziyyətin nəzarət altında olduğunu bildirib.
KİV-in məlumatına görə, Banqkokda göydələnin uçması nəticəsində 90 nəfər itkin düşmüş hesab olunur.
***
12:07
Tailandda güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 43 nəfər itkin düşüb
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Banqkokda tikilməkdə olan binanın uçması nəticəsində azı 43 işçi dağıntılar altında qalıb.
Tailandın Baş naziri Banqkokda fövqəladə vəziyyət elan edib.
Çin Zəlzələ Administrasiyasının məlumatına görə, Myanmada baş verən zəlzələ 7,9 bal gücündə olub. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub. Hündürmərtəbəli binalarda yaşayan sakinlər evlərini tərk etməyə çağırılıb.
***
11:51
Banqkokda zəlzələ ilə əlaqədar çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 13:20-də başlayıb. Təkanlar təxminən 10 dəqiqə davam edib.
"Khaosod” qəzetinin məlumatına görə, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.