Baş prokuror Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən xəbərə görə, Baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, islam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.
Vurğulanıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikasının ərazi bütövlüyünü daima dəstəkləyib.
Qeyd edilib ki, dövlətimiz İƏT çərçivəsində İslam dünyasının problemlərinə dair aparılan diskussiyalarda, qərar və qətnamələrin qəbul edilməsində qəti mövqe nümayiş etdirir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində təşəbbüskarlıq göstərir.
İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan ölkəmiz təşkilatın müxtəlif qurumları - İCESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə də sıx əməkdaşlıq edir.
Baş prokuror 27-28 oktyabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işləri barədə məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın salamını çatdırıb.
Bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.
Baş katibin müavini vurğulayıb ki, Azərbaycan təşkilatın üzvləri sırasında ən fəal, təşəbbüskar və nüfuzlu dövlətlərdən biri kimi tanınır. Ölkəmizin İƏT çərçivəsində irəli sürdüyü təşəbbüslər, təşkilatın məqsəd və prinsiplərinin təşviqi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçmiş münaqişə dövründə ölkəmizin haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə daim dəstək verib.
Baş katibin müavini Vətən müharibəsi zamanı və sonrakı dövrdə İƏT-in Azərbaycanın yanında olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin təşkilat tərəfindən böyük maraq və rəğbətlə izlənildiyini bildirib. O, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirib.
Yousef Aldobeay həmçinin qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı etibarlı tərəfdaş və islam həmrəyliyinin gücləndirilməsi istiqamətində aparıcı üzv dövlətlərdən biri hesab edir. Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilir və İƏT də öz növbəsində ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Xüsusi vurğulanıb ki, İƏT-in 16-cı İslam Sammitinə 2027-ci ildə Azərbaycan ev sahibliyi edəcək.
Baş katibin müavini əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti təşkilatın tarixində mühüm hadisələrdən biri olacaq, üzv dövlətlər arasında həmrəyliyin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın inkişafına və İslam dünyasının qarşısında duran aktual məsələlərin müzakirəsinə mühüm töhfə verəcək.
Bakı 



