"Hürriyyət" Media Qrupunun rəhbəri Vüqar Tofiqoğlu təhdid olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə özü məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini Cabiyev Malik Əjdər oğlu tərəfindən sosial media platformasında təhdid edilib.
Baş redaktor xoşagəlməz hadisə ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət ünvanlayıb.
Müraciət mətnində qeyd edilib:
“Son günlər jurnalist fəaliyyətimlə əlaqədar açıq şəkildə təhdid olunmaqdayam. Vəziyyət o həddə çatıb ki, Naxçıvan MR Culfa rayonu, Bənəniyar kənd sakini Cabiyev Malik Əjdər oğlu məni “Tik-tok” platforması üzərindən təhdid edərək, “deyəsən, sənin qulağın lezva görməyib. Mən o lezvanı sənin qulağına çəkərəm”, - deyir.
Azərbaycan qanunlarına meydan oxuyurcasına məni açıq şəkildə təhdid edən bu şəxs “mən dövlətimə arxayınam”, - deyərək, öz qanunsuz əməllərinin cəzasız qalacağına inanır. Lakin Cabiyev Malik Əjdər oğlunun bu təhdidi ölkəmizdə azad medianın susdurulmasına cəhddən başqa bir şey deyil. Hansı ki, bu qanunsuz əməlin arxasında da maraqlı qüvvələrin olduğunu düşünürəm. Güman edirəm ki, məni “qulağımı kəsməklə” təhdid edən Cabiyev Malik Əjdər oğlu sadəcə “qurbanlıq” kimi ortaya atılıb, onu idarə edən şəxslər var.
Şübhəsiz ki, ölkə qanunlarını, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətini görməzdən gələrək, sosial şəbəkə vasitəsilə nüfuzlu media subyektinin rəhbərini canlı olaraq təhdid edən Cabiyev Malik Əjdər oğlunun bu əməli cəzasız qalmamalıdır. Bu baxımdan, Sizdən xahiş edirəm ki, məni təhdid edən bu şəxs barəsində hüquq müstəvisində tədbir görülməsi, eləcə də bu işdə onu himayə edən maraqlı qüvvələrin olub-olmadığının aşkara çıxarılması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz”.
.Əli Hüseynov