• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Birinciləri psixoloji cəhətdən məktəbə necə hazırlaşdıraq? - Psixoloqdan valideynlərə MƏSLƏHƏT

CƏMİYYƏT

13 Sentyabr 2023 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Birinciləri psixoloji cəhətdən məktəbə necə hazırlaşdıraq? - Psixoloqdan valideynlərə MƏSLƏHƏT

Yeni tədris ilinin başlamasına bir gün qaldı. Sentyabrın 15-dən etibarən Azərbaycanda yeni dərs ili başlayacaq, bütün məktəblilər parta arxasında əyləşəcək. Adətən xüsusən ilk dəfə məktəbə qədəm qoyacaq 1-ci sinif şagirdləri həyacanlı, bir o qədər də narahat olurlar.

Bəs birinciləri psixoloji cəhətdən məktəbə hazırlamaq üçün nə edək?

Psixoloq Seyyid-Zeynəb Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqlar komfortlu, qaydaların az olduğu mühitdən məktəb həyatına keçid edərək daha məsuliyyətli dönəmə addım atırlar. Onlar üçün müəyyən çətinliklər yaranır. Oyunun təlimlə əvəzlənməsi böhrana səbəb olur: “3-6 yaş aralığında əsas aparıcı fəaliyyət növü oyun olduğu üçün uşaqlar oyun oynayaraq daha çox inkişaf edir. 6-12 yaş kiçik məktəbli yaşı olduğu üçün əsas aparıcı fəaliyyət növü təlim olur. 1-ciləri özləri qədər valideynləri də psixoloji olaraq özlərini buna hazır hiss etməlidirlər. Valideyn uşağın narahatlığını rasional şəkildə idarə etməz, emosional yanaşarsa, daha çox həyacan və təşvişə səbəb olacaq”.

Psixoloq qeyd edib ki, valideyn təşviş və həyacan yaratdıqda uşağın şüuraltında məktəb qorxulu yermiş kimi qalacaq: “Uşaq düşünəcək ki, anamla atam məni ora bu qədər həssas formada aparırsa, deməli, orada bir təhlükə var. Unutmaq olmaz ki, valideyn nə qədər təmkinli davransa, bu hal övladına bir o qədər yansıyacaq. Demək olar, hər il 1-ci sinifə gedən uşaqların ağlayaraq evə getmək istəməsi ilə rastlaşırıq. Bu, normal haldır. Bir anda mühitin dəyişməsi uşağın psixikasına təsir edir. Bu zaman valideynlər uşağın necə öyrəşəcəyi ilə bağlı narahat olmamalıdırlar. Zaman keçdikcə uşaq özü məktəbə həvəslə gedəcək”.

Seyyid-Zeynəb Əliyeva: valideyn təşviş və həyacan yaratdıqda uşağın şüuraltında məktəb qorxulu yermiş kimi qalacaq

Onun sözlərinə görə, ilk dəfə məktəbə gedəcək uşaqların intellektual və emosional zəkalarını yoxlamaq mütləqdir. Müsahibimiz qeyd edib ki, burada valideyn uşağın qələm tutmağı, fondan fiquru seçməsi, sualları cavablandırması və s. bu kimi şeylərə diqqət yetirməlidir. Xüsusən diqqətin davamlılığı nəzərə alınmalıdır. Əgər diqqətin davamlılığı yoxdursa, artırılmalıdır: “Diqqətin davamlılığı 1-2 yaşlı uşaqlarda 5-7, 2-3 yaşda 10-15, 3-4 yaşda 15-20, 4-5 yaşda 20-25, 6 yaş və daha yuxarı da isə 40-45 dəqiqədir. Əgər uşağın diqqət davamlılığı bu qədər çəkməzsə, 45 dəqiqəlik dərs müddəti ərzində uşaq tərəddüd edəcək, fikri yayınacaq, ayaqqabısına baxacaq, qələmi ilə oynayacaq”.

Müsahibimiz bildirib ki, əgər valideynlər uşaqlarının emosional və intellekt tərəfindən narahatdırlarsa, yaxşı olar, məktəbə qədər hazırlıqdan öncə ilkin olaraq psixoloji dəstək alsınlar. Valideynlərin övladları ilə motivasiyaedici, həvəsləndirici söhbətlər aparması mütləqdir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026