BMT ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə baş tutan gərgin mübahisəyə dair mövqeyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik görüşün xüsusilə məhsuldar olmadığı qənaətindədir.
BMT sözçüsü, beynəlxalq təşkilatın Ukraynada post-müharibə dövründə niyə daha aktiv rol oynamaması ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, BMT-nin bölgəyə sülhməramlı qüvvə göndərməsi yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə mümkün ola bilər:
“Bu, vacib və qaçılmaz prosedurdur. Hazırkı mərhələdən irəli getmək istəmirəm. Deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatı sülh prosesinə dəstək olmaq üçün əlindən gələni etməyə davam edəcək. Baş katibin mövqeyi aydındır: münaqişəyə ədalətli və dayanıqlı son qoyulmalıdır və biz bunu dəfələrlə vurğulamışıq”.
Qeyd edək ki, Tramp və Zelenski arasındakı görüş ABŞ-nin Ukraynanın nadir mineral yataqlarına çıxış əldə etməsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmək məqsədilə baş tutub. Lakin müzakirələr görüşün 40-cı dəqiqəsində gərgin xarakter alıb./report