“Azərbaycanı Avropa İttifaqı üçün önəmli edən bir çox məsələ var. Onların başında Avropanın enerji təhlükəsizliyi gəlir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhşi Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı 2027-ci ildə Rusiya qazından tamamilə imtina etmək niyyətindədir:
“Təbii ki, belə şəraitdə enerji ehtiyatlarına malik olan Azərbaycanın rolu qitə üçün daha da artır. Avropanın qazla təminatında ölkəmiz çox mühüm rol oynayır”.
Müsahibimiz qeyd edib ki, digər məqam Azərbaycanın önəmli tranzit imkanları ilə bağlıdır:
“Söhbət Orta Dəhlizdən gedir. Çinin və Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışı Azərbaycan üzərindən mümkündür. Əlverişli və təhlükəsiz tranzit imkanları Avropa üçün böyük əhəmiyyət daşıyır”.
Səmədova görə, digər mühüm məqam ondan ibarətdir ki, indiyədək Avropa Cənubi Qafqazı Rusiyanın “təsir zonası” hesab edir və bu əraziyə müdaxilə etməməyə çalışırdı. Ancaq artıq ABŞ və Avropa ölkələri Cənubi Qafqaza daxil olmaq istiqamətində ardıcıl addımlar atırlar. Həmsöhbətimiz deyir ki, bölgədə lider dövlət Azərbaycan olduğuna görə, ölkəmizlə əlaqələr yüksək səviyyəyə qaldırılmalıdır ki, ABŞ və Avropa öz məqsədlərinə nail ola bilsin.

Abutalıb Səmədov: Aİ-nin bəzi strukturları Azərbaycana qarşı qərəz nümayiş etdirməkdə davam edirlər
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Qərb ölkələri ilə “yaşıl enerji” sahəsində də əməkdaşlıq edir:
“Bu baxımdan da Avropa üçün çox vacib ölkələrdən biridir. Nəhayət Azərbaycanı Avropa İttifaqı üçün cəlbedici edən səbəblərdən biri də Bakının həm Rusiya, həm Türkiyə, həm də Qərblə yüksək əlaqələrə sahib olan nadir ölkələrdən biri olmasıdır. Bu səbəbdən, Aİ ölkələri Azərbaycanla əlaqələrə dəyər verir və münasibətləri dərinləşdirməyə çalışır. Ancaq onu da qeyd etmək lazımdır ki, Avropa təsisatlarında müəyyən problemlər də var. Aİ-nin bəzi strukturları Azərbaycana qarşı qərəz nümayiş etdirməkdə davam edirlər”.
Aydın Baxış
Bakı 




