Pandemiyadan sonra ilk dəfə bu il məktəblərdə ənənəvi qaydada “Son zəng” keçiriləcək.
Bakıvaxtı.az-ın məıumatına görə, belə ki, tədbirlərdə maska və say məhdudiyyəti olmayacaq.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.
Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Təhsil Nazirliyindən bildirilib ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
İdarədən bildirilib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib:
"Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur", - deyə DYP-nin xəbərdarlığında bildirilir.
O da qeyd olunub ki, "Son zəng" tədbirləri ilə əlaqədər olaraq bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək.
"Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. "Son zəng" tədbirini son mənzilə çevirməyin!", - deyə DYP-dən bildirilib.
Nuranə Daxilqızı


-bvjpg-1655143840.jpg)













