• Bakı C

    8.65 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Bu gün Su çərşənbəsidir

CƏMİYYƏT

24 Fevral 2026 | 00:00

Bu gün Su çərşənbəsidir

Novruz ərəfəsində qeyd olunan çərşənbələr xalqımızın qədim dünyagörüşünü, təbiətə və yaradılışa münasibətini özündə əks etdirir. Bu çərşənbələr dörd əsas ünsür – Su, Od, Torpaq və Yelin oyanışını simvolizə edir.

Hər biri yeni həyatın başlanğıcına, təbiətin dirçəlişinə bir addım kimi qəbul olunur. Novruzun yaradılış bayramı olması da məhz bu ünsürlərin birliyinə söykənir. İlk çərşənbə isə suya həsr olunur və Su çərşənbəsi adlanır.

Folklorşünas Şakir Albalıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Novruz yaradılış bayramıdır və bu bayram ərəfəsində qeyd olunan dörd çərşənbə yaradılışın əsas ünsürlərini – suyu, odu, torpağı və yeli təmsil edir:

“Bu dörd ünsürün birləşməsi ilə yeni həyatın yarandığına inanılır. Su çərşənbəsinin ilk qeyd olunması təsadüfi deyil. Həm dini mənbələrdə, o cümlədən Quranda “hər bir canlını sudan yaratdıq” ifadəsi yer alır, həm də mifoloji təsəvvürlərdə həyatın başlanğıcı su ilə əlaqələndirilir. Rəvayətlərdə deyilir ki, yer üzü əvvəlcə sudan ibarət olmuş, daha sonra dağlar və dərələr yaranmışdır. Bu baxımdan su yaradılışın əsası kimi qəbul edilir”.

Müsahibimiz qeyd edib ki, su həm həyatverici, həm də dağıdıcı gücə malikdir:

“Atalar sözündə deyildiyi kimi, “oddan qalar, sudan qalmaz”. Yəni od müəyyən iz buraxa bilər, lakin sel və daşqın hər şeyi silib aparar. Bu, suyun məhvedici tərəfidir. Lakin Su çərşənbəsində əsas vurğulanan onun dirildici, şəfaverici və həyat bəxş edən xüsusiyyətidir”.

Ş.Albalıyev əlavə edib ki, xalq inanclarına görə, Su çərşənbəsində insanlar bulaq başına, çay kənarına gedər, su üstündən atlanar, su ilə üz-gözünü yuyar, onunla paklanarlar:

“Bulaqdan su götürüb evə gətirmək bolluq və bərəkət rəmzi sayılır. Həmin suyun şəfa gətirəcəyinə, ilin ruzi-bərəkətli keçəcəyinə inanılır. Su ilə bağlı müxtəlif ayin və mərasimlər də icra olunur. Bu mərasimlər su ruhunu razı salmaq, sudan xeyir-dua və bərəkət diləmək məqsədi daşıyır. Beləliklə, Su çərşənbəsi suyun dağıdıcı yox, məhz həyatverici gücünü ön plana çıxaran, ümid və yenilənmə rəmzi olan bir mərasim kimi qeyd edilir”.

Su ilə bağlı sınamalar:

İlk çərşənbədən başlayaraq qonşuya axşamcağı ələk, maya od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər.

Çərşənbədə evə süpürgə çəkmək olmaz.

İnanclar:

“Süfrəyə su dağılması aydınlıqdı.

Su içən adamı danışdırmazlar.

Lal axan sudan keçməzlər.

Yuxuda su görmək aydınlıqdı.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Odu su ilə söndürmək günahdır”.

Su ilə bağlı ata sözləri:

“Suyun lal axanı, adamın yerə baxanı.

Su bir yerdə qalanda iylənər.

Su səhəngi suda sınar.

Su murdarlıq götürməz”.

Su ilə bağlı türkəçarələri:

“Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.

Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su töksən qorxusu keçər”.

Su ilə bağlı alqışlar:

“Qamən axan görglü suyun qurumasın!

Qara başım qurban olsun ,suyum, sana!”.

Su ilə bağlı tapmacalar:

“Ay gedər ha il gedər

gecə gündüz yol gedər (su)”.

Qeyd edək ki, Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

Novruz bayramı günləri 20-24 mart tarixlərini əhatə edəcək.

Su çərşənbəniz mübarək!

Aynur Babazadə


SON XƏBƏRLƏR

23 Fevral 2026