Xəbər verdiyimiz kimi, İranda hökümət əleyihinə etiraz aksiyaları ara vermir.
Bakıvaxtı.az-ın məlumatına görə, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, zibil qutularını yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar. Məşhəd şəhərində isə etirazçılar təcili tibbi yardım və polis avtomobilini yandırıb. Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb.
İranda baş verən bu etirazlar nə ilə nəticələnə bilər?

İqbal Ağazadə, Ümid Partiyasının sədri
Ümid Partiyasının sədri İqbal Ağazadə Bakıvaxtı.az-a bildirib ki, İranda baş verən hadisələr əslində İranın uzun illər idarəetməsində sosial vəziyyətdən doğan sistem problemidir: “İnsanlar üç istiqamətdə mübarizə aparır, narazılıqlarını bildirirlər. İranda insanlar həm rejimdən, həm teokratik idarəetmədən, həm də sosial vəziyyətdən narazıdırlar".
Onun sözlərinə görə, 22 yaşlı qızın çadra üstündə öldürülməsi hadisəsi əslində həm də İranda İslamdan narazılıqdır. Bu da teokratik narazılıq adlanır: "Yəni, mübarizə qanlı da olsa, ölənlər çox olsa da, hesab etmirəm ki, qələbə ilə nəticələnsin”.
Partiya sədri bildirib ki, lakin bunun ardınca çox böyük sosial narazılıqlar yarana bilər: “Bu da nəticədə İranda rejimin dağılması, azadlıq hərəkatı ilə nəticələnəcək. Bu, İran rejimi dağılana qədər davam edəcək. İranda mütləq rejim dəyişəcək və dəyişdikdən sonra da həm teokratik problem həll olunacaq, həm də yeni idarətetmə formasına keçid olacaq. Belə olan halda isə, özəlliklə Güney Azərbaycan özünün istiqlalını əldə edəcək”.
Nuranə Daxilqızı
















