Çernobıl Atom Elektrik Stansiyasının (AES) elektrik təchizatındakı problemlər aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, AES alternativ elektrik xətlərinə obyektiv şəkildə keçə bilib.
"Obyekt operativ şəkildə ehtiyat xətlərə keçib və 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra tikilmiş köhnə sarkofaqı örtən Yeni Təhlükəsiz Konfinment (YTK) istisna olmaqla, elektrik təchizatı bərpa edilib", - deyə paylaşımda qeyd olunub.
Bildirilir ki, YTK-nın elektrik təchizatı dizel generatorları vasitəsilə təmin edilir.
01 oktyabr, 22:54
Ukraynanın Kiyev vilayətinin Slavutıç şəhərində enerji infrastrukturunun Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Çernobıl AES-in obyektlərində fövqəladə vəziyyət yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi teleqram kanalında məlumat yayıb.
"Gərginliyin dəyişməsi nəticəsində dağıdılmış dördüncü enerji blokunu təcrid edən və radioaktiv maddələrin ətrafa yayılmasının qarşısını alan əsas obyekt – Yeni təhlükəsiz örtük (konfaynment) elektrik təchizatından məhrum olub. Hazırda mütəxəssislər enerji təminatının bərpası üzərində işləyirlər", – bəyanatda qeyd olunub.
Bundan əvvəl Nazirlik Kiyev vilayətində enerji infrastrukturunun Rusiya dronu ilə vurulduğunu açıqlamışdı. Hücum nəticəsində Kiyev və Çerniqov vilayətlərinin sakinləri işıqsız qalıb. Hazırda təmir briqadaları enerji təchizatını ən qısa müddətdə bərpa etmək üçün iş aparır.