Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda pandemiya ilə bağlı müəyyən yumşalmalar müşahidə edilir. Hətta bəzi ölkələr COVID-19 pasportunu belə ləvğ edib. Bizdə də belə bir qərar verilə bilərmi?
Tibb üzrə elmlər doktoru Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, situasiya günü gündən dəyişir, hal-hazırda pandemiyanın gedişində bir eniş müşahidə edilir: “Elə Azərbaycanda da müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir. Amma, bütün bunlara baxmayaraq, mutasiyalarla bağlı birmənalı rəy irəli sürmək çətindir”.
Həkim qeyd edib ki, əgər bir firmadan iki vaksin olunubsa, ondan 6 ay sonra digər vaksinasiya olunur: “Xəstələnən şəxslər portalda qeydiyyatdan keçib xəstələnibsə, immunitet yaranıbsa, onlar da 6 aydan sonra vaksinasiya olunmalıdır. Yəni, 3-cü buster doza 6 aydan sonra vurula bilər”.
A.Qeybullanın sözlərinə görə, əslində, indi vaksinlərlə bağlı da məsələ müxtəlif cür qeyd edilir: “Məsələn, Azərbaycan kimi ölkələrdə kollektiv immunitetin yaranması faktı ortadadır. Çünki xeyli vaksin olunanlar, xəstələnənlər, immuniteti yarananlar var. Düşünürəm ki, artıq vaksin pasportunu aradan qaldırmaq məqsədə uyğun olardı. Yavaş-yavaş da karantin qaydalarını yumşaltmaq lazımdır. Bahar fəslidir, insanlar artıq bəzi vərdişlərə yiyələniblər, kəskin xəstəliklər də, adətən, qış fəslində olur. Ona görə də, ÜST-ün tövsiyələri əsasında müəyyən yumşaldılmalar olmalıdır”.
Aytac Aslan
















