• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Çox vitamin qəbul etməyin əks təsiri varmı?

CƏMİYYƏT

30 May 2022 | 15:43 | Müəllif: Qalib İbrahimoğlu

Çox vitamin qəbul etməyin əks təsiri varmı?

Pandemiya dövründə hər kəs koronavirusa yoluxmamaq üçün immunitetini gücləndirməyə çalışdı. Bunun bir yolu da, təbii ki, vitamin qəbul etməkdən keçir. İnsanlar, xüsusən də, C və D vitaminlərindən daha çox istifadə edirlər. Bəs uzun müddət istifadə olunduqda bu vitaminlərin əks təsirləri olurmu?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, vitamin C-yə gündəlik tələbatı ödəmək qidalarla mümkündür: “Yüksək dozalarda istifadəsinə isə yalnız xəstəlik zamanı və göstəriş olduqda ehtiyac ola bilər. Çünki yarım-sintetik üsulla alınmış vitaminlər çox hallarda təbii halda olandan fərqlənir".

N.Əzimli deyir ki, dərmanların tərkibində olan C vitamini əslində təbii vitamin C ilə molekulyar quruluşuna görə tamamilə eyni deyil: "Bəli, həmin preparatlarla da immuniteti modulyasiya etmək mümkündür. Lakin yüksək dozalara göstəriş olmadıqda vitamin C-ni təbii yolla qəbul etmək yetərlidir”.

İnfeksionistin sözlərinə görə, D vitamini isə təbii yolla qəbul etsək də çox hallarda qanımızda yetərli səviyyəyə çatmadığı üçün, preparatların qəbulu daha məqsədəuyğundur: “Vitamin D preparatlarını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək və qanda D vitamininin səviyyəsinin yoxlanması məsləhətdir. Daha sonra fərdə görə təyin olunmuş sxemə uyğun olaraq qəbul etmək olar".

Müsahibimiz bildirib ki, adətən, gündəlik 8-10 min BV dozada qəbul etməklə D vitaminini qanda normal səviyyə çatdırmaq olur.

Həkim burada diqqət yetirilməli bir məqama da toxunub. Dediyinə görə, ehtiyac olmadığı təqdirdə, hər hansı preparatın yüksək dozada və uzun müddət qəbulundan çəkinmək lazımdır.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026