Havaların soyuması ilə dəm qazından zəhərlənmələr də artıb. Mütəxəssislər hesab edirlər ki, əhali qazdan istifadə qaydalarına əməl edərsə, dəm qazından zəhərlənmələr də olmaz.
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Bakıvaxtı.az-a bildirib ki, dəm qazından boğulma halı Azərbaycanda olduğu qədər başqa heç yerdə yoxdur: “Hamı bilir ki, təbii qaz yüksək təhlükə mənbəyidi, ona görə də bununla bağlı qayda-qanunlar hazırlanıb. Mötəbər qanunlarımız var, bu standartlara əməl edilsə, heç bir problem ola bilməz. Ancaq səhlənkarlıq baş alıb gedir”.
Onun sözlərinə görə, borular istənilən yerdə quraşdırıla bilməz: “Daimi maarifləndirmə işləri aparılmalıdır, amma apardığımız maarifləndirmə işlərinə məhəl qoyan yoxdur. Qaz boruları ildə iki dəfə təmizlənməlidir, bunu hamı deyir, amma kim edəcək bilinmir. Sovet vaxtında bacalar ildə 4 dəfə, xüsusilə qış mövsümündə - noyabr ayında bir dəfə təmizlənirdi. O vaxtı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğından Mühafizə İdarəsi bütün evləri gəzib sobaları təmizləyirdi, indi onların hamısı yaddan çıxıb. Qaz kəmərlərinin başına oyun açıblar, özbaşlarına yerlərini dəyişdiriblər. Qanunlarda boşluq da var, o boşluqlar aradan qaldırılmalıdır”.
N.Qasımov qeyd edib ki, qaz sızması əmələ gəlməməsi üçün borular vaxtaşırı yoxlanılmalıdır: “Bunu həyata keçirmək üçün xüsusi cihazlar var, amma həyata keçirən yoxdur. Qaz borularında özbaşına işlər aparmaq olmaz. Hətta evə daxil olanda vətəndaşlar birbaşa işığı yandırmamalıdırlar. Qazın özünün spesifik iyi var, hiss etdikləri an pənncərələri açıb evin havasını dəyişmək lazımdır. Qaz cihazlarını yanılı qoyub yatmaq olmaz. Xüsusən qış aylarında küləkli havalarda tüstü bacaları düzgün qurulmayanda qaz yığılır və insanın müqəddaratını yeddi dəqiqədən yarım saata qədər həll edir, yəni adamı zəhərləyib öldürür. 1 kub/metr metan qazının yanması üçün otaqda təxminən 9.5 kub/metr təmiz havanın olması vacibdir. Hava çatışmadıqda və ya artıq olduqda zəhərli qaz əmələ gəlir. Qazı yanılı qoyub yatmaq, mağazaya getmək, evdən çıxmaq olmaz. Bütün bunlara diqqət edilsə, dəm qazından zəhərlənmə baş verməz”.
N.Qasımov deyib ki, evi qızdırmaq üçün dördgözlü sobaları yandırmaq olmaz. “Burada “Azəristiliktıchizat” Açıq Səhmdar Cəmiyyətinin də günahı var ki, noyabrın 15-i olmamış istilik vermirlər. Camaat da dördgözlü sobaları yandırıb evi qızdırır. Həmin cihazlar da düzgün işləməyəndə hava çatışmır, natamam yanma məhsullarından dəm qazı yaranır. Qaz yanan cihazlar daimi nəzarətdə olmalıdır”.
Aytac Aslan
















