Günümüzün ən böyük problemlərindən biri də depressiya və onun yaratdığı faciələrdir.
Belə ki, xüsusilə yeniyetmə və gəncləri uçuruma sürükləyən bu psixi pozuntu hazırda 10 nəfərdən 8-də müşahidə olunur. Kimdən “Necəsən” deyə soruşsaq, “pisəm” və ya “halsızam” demək əvəzinə “depressiyadayam” deyir.
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda depressiya çox yayılıb:
“Depressiya halsızlıq, həyəcan, yuxusuzluq, iştahsıqlıq, öz dəyərsizlik və özünü günahlandırma ilə üzə çıxan psixi pozuntudur. Depressiya, hər şeydən əvvəl, insanın həyat keyfiyyətlərini, yaşamaqdan zövq almasını kəskin aşağı salan bir pozuntudur. Depressiyaya bütün yaş qruplarında tez-tez rast gəlmək olar”.
Depressiyanın günümüzdə ən çox yayılan növləri aşağıdakılardır:
Major (klinik depressiya), xroniki depressiya (distiliya), maskalanmış depressiya, psixotik depressiya, mövsüm depressiyaları və s.
Psixoloq qeyd edib ki, sadaladığı növlər daha çox müşühidə edilir:
“Hər birinin özlərinə məxsus simptomları var, bu da mütəxəssislər tərəfindən ayırd edilərək psixoterapiyalar vasitəsilə aradan qaldırılır. Dərman vasitəsinə ehtiyac varsa, psixiatrlara yönləndirilir”.

Günay Kərimi: Depressiya daha çox ailədə zorakılıq, şiddət görən uşaqlarda ortaya çıxır
Müsahibimiz bildirib ki, depressiya insanın əhval-rihiyyəsini aşağı salır, dostlarla ünsiyyətdən uzaqlaşdırır, qərar qəbul etməkdə çətinlik yaradır:
“Həvəssizlik yaratdığı üçün insanın arzularını reallaşdırmasına mane olur. Belə insanlar heç vaxt düzəlməyəcəklərini düşünürlər”.
Onun sözlərinə görə, uşaq və yeniyetmələrdə valideyn-uşaq münasibətləri düzgün qurulmadığı üçün belə hallar yaşanır. Depressiya ailədə zorakılıq, şiddət görən uşaqlarda ortaya çıxır. Həmçinin, dərs yükünün ağırlığından, məktəbdə yaşanan neqativ hallardan da uşaq depressiyaya düşə bilir.
Psixoloq valideynləri çox diqqətli olmağa çağırıb.
“Yeniyetmələr emosional düşündükləri üçün intihara meyilli olurlar”, - deyə Günay Kərimi vurğulayıb.
Aytac Aslan
















