ABŞ uzaq gələcəkdə Rusiya və digər ölkələrə qarşı genişmiqyaslı sanksiyaların qlobal valyuta kimi dolların hökmranlığını sarsıda biləcəyi haqqında xəbərdarlıq edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Biz dolların rolu ilə bağlı maliyyə sanksiyalarından istifadə etdikdə bunun sonda dolların hegemonluğunu sarsıda biləcəyi riski var”, - deyə Yellen bildirib.
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ maliyyə nazirinin açıqlaması dolların dünyadakı hegemon mövqeyi ilə bağlı idi:
“Demək istəyir ki, Rusiyaya qarşı sanksiyaların tədbiqi Rusiya və digər ölkələri Çin yuanı ilə ticarət etməyə yönləndirir. Bu isə dolların hegemon mövqeyini zəiflədir. Yəni onun fikirləri dolların məzənnəsi ilə bağlı deyil”.
Onun sözlərinə görə, dolların dünya məzənəllərinə qarşı enməsi, yüksəlməsi tez-tez baş verən hadisələrdir. Əsas məsələ odur ki, indi dünyada dolların hegemonluğuna şərik ola biləcək Çin valyutası daha da güclənib. Rusiya da daha çox Çin valyutası ilə alış-veriş edir.
Ekspert qeyd edib ki, Azərbaycanda hansısa pul vahidinin dolları üstələməsi mümkün deyil:
“Azərbaycan öz ixrac məhsulunu dollara satır. Ölkə iqtisadiyyatı daha çox neft və qazımızı satmaqla ayaqda qalır. Orda da kontraktların böyük əksəriyyəti məhz dollar üzərində dayanır”.
Aytac Aslan
















