Çinli alimlər ksenotransplantologiya sahəsində mühüm addım ataraq, tarixdə ilk dəfə genetik olaraq dəyişdirilmiş donuz ağciyərini insana uğurla köçürüblər.
Bakıvaxtı.az xəbər verir ki, doktor Szyanşin Xe-nin rəhbərlik etdiyi cərrahlar komandası tərəfindən keçirilən bu eksperiment donor orqanlarının kəskin çatışmazlığını aradan qaldırmaq üçün yeni imkanlar açır.
Orqan beyin qanaxmasından sonra beyin ölümü təsdiqlənmiş 39 yaşlı kişiyə köçürülüb. Donuzdan götürülmüş və altı genetik modifikasiyaya məruz qalmış ağciyər bütün müşahidə dövründə — 216 saat (9 gün) ərzində həyat qabiliyyətini saxlayıb və normal fəaliyyət göstərib. Bu araşdırma, əvvəllər belə əməliyyatların qarşısında əsas maneə hesab edilən hiperkəskin rəddolunma qorxularını aradan qaldırır.
Uğura baxmayaraq, müəyyən çətinliklər də qeydə alınıb. Əməliyyatdan sonra ilk sutkada güclü şişkinlik müşahidə edilib ki, bu da transplantatın ilkin disfunksiyasına bənzəyirdi. Həmçinin əməliyyatdan sonrakı üçüncü və altıncı günlərdə antitellərin yaratdığı rəddetmə reaksiyası baş verib, lakin doqquzuncu günə qədər orqanın vəziyyəti qismən stabilləşib.
Bütün müddət ərzində pasiyent intensiv immunosupressiv terapiya alıb. Müalicə bir neçə dərmanın kombinasiyasından ibarət olub və məqsəd insanın immun sisteminin yad orqana qarşı reaksiyasını minimuma endirmək idi.
Bu tədqiqat donuzdan insana ağciyər ksenotransplantasiyasının mümkünlüyünü təsdiqləyir. Lakin müəlliflər vurğulayırlar ki, ciddi irəliləyişə baxmayaraq, hələ də rəddolunma və infeksiyalarla bağlı çoxlu həll olunmamış problemlər mövcuddur. Bu prosedur geniş kliniki praktikaya daxil edilməzdən əvvəl əlavə doklinik araşdırmalar aparılmalıdır.
Alimlərin həyata keçirdiyi bu irəliləyiş dünyada transplantasiya gözləyən milyonlarla insana ümid verir və ksenotransplantasiyanın donor orqanlara real alternativ ola biləcəyini göstərir.