Xəbər verdiyimiz kimi, bu gün Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dördtərəfli görüşü planlaşdırılır. Görüş nə vəd edir?
Politoloq Əziz Əlibəyli Bakıvaxtı.az-a bildirib ki, görüşlə bağlı pozitiv mesajlar çoxdur: “Bu da ona görədir ki, görüşdə iki vacib detal önə çıxır. Avropa İttiqafı rəhbərliyi ilə yanaşı, Fransa prezidentinin görüşdə iştirakı onu göstərir ki, Ermənistan tərəfi bu görüş üçün ciddi hazırlaşıb".
Onun sözlərinə görə, birinci növbədə görüş üzərində toqquşma yaradacaq məsələlər güman ki, qondarma rejimlə bağlı olacaq: "Bilirsiniz ki, Paşinyan həyat yoldaşına məxsus qəzetdə Azərbaycan və Ermənistan arasında sülhün şərtlərinə dair tezis sızdırılıb. O şərtlər həqiqətən də müzakirə olunacaq. İkincisi isə Qarabağ məsələsinin müzakirə predmeti olması da gözləntilər arasındadır. Azərbaycan prezidenti bunu öncədən bildiyinə görə, Ağdama səfəri zamanı çıxışında bildirdi ki, Qarabağla bağlı məsələni qapatmışıq. Prezident qeyd etdi ki, biz öz ərazimizdə yaşayan Qarabağ erməniləri ilə bağlı qərar qəbul edəndə göstəriş almarıq, bu, Azərbaycanın daxili məsələsidir".

Əziz Əlibəyli, politoloq
Politoloqa görə, görüşöncəsi müzakirəyə çıxarılacaq məsələlərdən biri Qarabağdır ki, artıq cavab bəllidir: "İkincisi, sülhün Qərb moderatorluğunda reallaşmasına isə Azərbaycan da, Ermənistan da qapı açdı. Paşinyan kifayət qədər sülhə Moskvanın vasitəsilə yaxınlaşmışdı. Amma son günlər Rusiya ordusunun əks hücumla geriçəkilmə prosesi Paşinyanı aldatdı. Buna görə də Ermənistan tezislərlə Qərbin moderatorluğuna razılıq verdi. Qərbin tezisləri Azərbaycan və Ermənistan arasında sülhün bağlanması, kommunikasiyaların açılması və sülh prosesinin bərqərar olunub bir an öncə bölgədə investisiya mühitinin formalaşmasına şərait yaradılmasıdır".
Ə.Əlibəyli hesab edir ki, bugünki görüşdə sülh razılaşmasının ilkin mətni ortaya çıxa bilər. Politoloq ehtimal edir ki, paralel olaraq, axşamdan cəbhədə başlayan qarşıdurmanın miqyası genişlənə bilər: "Çünki ordu və Paşinyan arasında fərqli güc mərkəzləri var ki, biri Rusiyaya, biri isə Qərbə bağlıdır. İlkin razılaşmalar əldə olunduqdan sonra Rusiya bunu qəbul etməsə, ciddi münaqişələrin yaranması ehtimalı gözlənilir. Belə hesab edirəm ki, Azərbaycan tərəfi də müsbət yanaşmalar əldə etdiyinə görə, Makronun iştirakçılığı ilə keçirilən görüşə “veto” etməyib. Belə başa düşmək olar ki, Paşinyan Azərbaycanla sərhədə fransız qoşunlarını gətirmək üçün Makronu Əliyevə elçi salıb. Bu, görünür ki, Qafqaz məsələləri üzərində Qərbin güclənməsi, Rusiyanın zəifləməsinə paralel, Türkiyənin güclənməsinə start verilir. Güman ki, Praqada keçirilən görüşün tərkib hissəsi də belə olacaq. Gözləntilər çoxdur".
Nuranə Daxilqızı















