• Bakı 18° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Elmi dərəcələrin verilmə mexanizmi dəyişdirilməlidir - Nazirin MÜŞAVİRİ

CƏMİYYƏT

07 May 2025 | 13:52

Elmi dərəcələrin verilmə mexanizmi dəyişdirilməlidir - Nazirin MÜŞAVİRİ

Elmi dərəcələrin verilməsi mexanizmləri, onların məqsədi və effektivliyi barədə yanaşmalar dəyişməlidir. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu barədə İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, müşavir hazırkı elmi dərəcə sisteminin səmərəliliyini statistik göstəricilərlə şərh edərək bildirib:

“Azərbaycanda doktoranturaya qəbul olunanların cəmi 10 faizi dissertasiyasını müdafiə edə bilir”.

Nicat Məmmədli qeyd edib ki, dünya praktikasında postdoktorantura və habilitasiya mərhələləri tədqiqat yönümlü fəaliyyətlə xarakterizə olunur, dissertasiya müdafiəsi kimi sərt prosedurlarla deyil. Bir çox ölkələrdə yalnız bir dəfə – PhD səviyyəsində dissertasiya müdafiə olunur, daha sonra alimlər elmi-tədqiqat fəaliyyəti ilə professorluq səviyyəsinə yüksəlirlər:

“Xaricdə elə bir prosedur yoxdur ki, mütləq 250 səhifəlik dissertasiya yazıb onu komissiya qarşısında müdafiə edəsən və yalnız bu əsasla professor adını alasan. Artıq bəzi ölkələrdə PhD dərəcəsi professorluq üçün kifayət edir”.

Onun fikrincə, əsas məqsəd tədqiqat aparmaq olmalıdır, elmi dərəcəyə formal şəkildə sahib olmaq yox.

“Doktorluq dərəcəsini məqsəd yox, vasitə kimi görməliyik. İnsanlara deməliyik: Əgər tədqiqatla məşğul olmaq istəyirsinizsə, buyurun, öyrənin, araşdırın”.

Müşavir hesab edir ki, Azərbaycanda professor adının verilməsi mərkəzləşdirilmiş şəkildə tənzimlənməməlidir. Bu məsuliyyəti ali təhsil müəssisələri özü daşımalıdır:

“Dünyanın heç bir inkişaf etmiş ölkəsində professor adını mərkəzi qurum vermir. Bu, universitetin daxili məsələsidir. Bir universitetdə professor olan şəxs, başqa universitetdə dosent və ya assistent kimi fəaliyyət göstərə bilər. Universitet özü müəyyən etməlidir ki, onun professoru kimdir”.

Nicat Məmmədli əlavə edib ki, müxtəlif universitetlər bu məsələdə fərqli meyarlar tətbiq edə bilər. Bəziləri daha sərt, digərləri isə daha çevik yanaşma sərgiləyə bilər, amma əsas olan elmi fəaliyyət və nəticə yönümlü tədqiqatdır.

O, mövcud sistemin köklərinin Alman modelindən qaynaqlandığını və Almaniyanın belə bu iyerarxik strukturu yüngülləşdirdiyini xatırladıb:

“Biz hələ də Sovet dövründən qalma sistemlə işləyirik. Halbuki elm iyerarxiya ilə inkişaf etmir. Elm azadlıq tələb edir. Tədqiqatçı özü qərar verməlidir ki, nəyi necə və harada araşdırmaq istəyir”.

Sonda müşavir vurğulayıb ki, professor adı rəsmi titul yox, universitetin verdiyi elmi nüfuz göstəricisidir. Bu ad bir vəzifə deyil, tədqiqat və nüfuzun göstəricisidir.


SON XƏBƏRLƏR

07 May 2025