• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Elşad Miri: Biz insanları Qurana qaytarmağa çalışırıq - MÜSAHİBƏ

MÜSAHİBƏ

02 May 2025 | 15:31

Elşad Miri: Biz insanları Qurana qaytarmağa çalışırıq - MÜSAHİBƏ

Bakıvaxtı.az-ın “Düzünü desək” rubrikasının budəfəki qonağı ilahiyyatçı-alim Elşad Miridir.

Onunla söhbəti təqdim edirik.

Özünü ilahiyyatçı adlandıranlar mənim fikirlərimi eşidəndə onlara yenilik kimi gəlir

- Bugünlərdə internet televiziyalarının birində Azərbaycanda dini təhlükənin olduğunu söylədiniz. Əlbəttə, ciddi siqnaldır. Bunun üçün əsaslarınız varmı?

- Bəli, efirdə də qeyd etdim ki, Azərbaycanda dini təhlükə var. Bu, faktiki olaraq, Azərbaycanda sələfilər tərəfindən gözlənilən bir təhlükədir. Ona görə də sanki bir dirijor tərəfindən idarə olunurmuş kimi, bir anda bütün sələfi sosial şəbəkə hesabları ayağa qaldırıldı. Mövzunu dəyişməyə başladılar və şəxsimlə bağlı məsələləri gündəmə gətirdilər. Ona görə də dediyim mövzu arxa plana keçdi.

Bu məsələnin ən vacib tərəfi budur. Türkiyədə FETÖ təhlükəsi birdən-birə başlamadı. Bu proses 10 illər idi davam edirdi. Azərbaycanda da bəzi hadisələrdən sonra sələfilərin Suriyaya adam göndərmələri məsələsi aktual idi, Əbu-Bəkr kimi tanınan məscidə qumbaranın atılması, Qusarda “Meşə qardaşları” kimi proeseslər bu cinahda da davam edir. Onların görüntü olaraq heç bir zaman sələfi olacağına inanmaycağınız adamların konkret olaraq müəyyən dövlət strukturlarında işləmələri, müəyyən yerlərdə onların öz güclərini nümayiş etdirmələri və bunun ört-basdır etdirilməsi kimi proseslər belə düşünməyə əsas verir. Onlar tələbə dedikləri adamların vasitəsilə gündəmi dəyişməyə çalışırlar. Düşünürlər ki, biz də bu gündəm dəyişməsində rol oynayacağıq. Amma məqsədimiz Azərbaycandakı dini təhlükə məsələsi idi, lakin efirdə hər iki cəbhə bunu fərqli yönlərə çəkərək, mövzunun üstünü ört-basdır etməyə çalışdılar. Ona görə də debatvari bir məsələ gündəmə gəldi.

- İddialar var ki, Elşad Miri yeni din yaradır. Bu, doğru yanaşmadırmı?

-Bu, yeni bir din yaratmaq deyil, mövcud dini mövhumatlardan, xurafatlardan təmizləyib, əslinə qaytarmağa çalışmaqdır. İslamın əsli Qurandır. İnsanları Qurana qaytarmağa çalışırıq. Amma insanlar Qurandan uzaq salınıblar. Əsrlər sonra hədislər vasitəsilə ortaya çıxan məsələləri din adı altında sırıyıblar. Bundan qurtula bilmirik. Özünü ilahiyyatçı adlandıranlar və başqaları mənim fikirlərimi eşidəndə onlara yenilik kimi gəlir. Halbuki dediklərimi əsrlər əvvəl söyləyənlər olub. İmam Əbu Hənifə də bu fikirdə olub. Həbsdə öldürülüb bu şəxs. Konkret olaraq, müasir dövrdə yazdığım kitablara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qadağa qoyub. Bütün məhkəmələrdə bu qadağanı təsdiq edən şəxslər mükafatlandırılaraq, Komitənin nəzdində fəaliyyət göstərən İlahiyyat İnstitutunda müəllim kimi çalışırlar. Digər universitet müəllimlərindən daha çox maaş alırlar. Ona görə məsələyə bu prizmadan yanaşanda hər şey aydınlaşır.

- Qadağan edilən kitablarınızda nələri əsas gətirirlər?

- “İslamda yoxdur” adlı kitabımı yasaqlayıblar. Bunu belə əsaslandırıblar ki, ənənəvi din anlayışı və mövcud məzhəblərə ziddir. Mən də qeyd edirəm ki, ənənəvi dinə və mövcud məzhəblərə qarşıyam.

-Niyə?

- Çünki “Qurani- Kərim”də məzhəblərin olmadığı və Allahın insanları Allahın kitabına səslədiyi halda insanlar bir-birilərini məzhəbə çağırırlar. Təəssüflər olsun ki, bu gün özünü dindar sayanlar və Komitədə yer alanların hamısı hansısa məzhəbin mənsubudur. Mən də iddia edirəm ki, bu, bir təhlükədir. Azərbaycan İlahiyyat İnstitutunda dərs deyənlərin hamısı hansısa bir məzhəbə mənsubdurlar və bu, bölücülükdür.

Pirlər, ocaqlar, seyidlər din məsələsi deyil

- Bir zamanlar dəbdəbəli yas mərasimləri, qəbir daşlarının qarşısının alınmasından çox danışılırdı. Amma proses yarımçıq qaldı və ondan sonra yas mərasimləri sanki “yas sənayesi”nə çevrildi...

- Bunlar maliyyə tələb edən məsələlərdir. Araşdırsanız görərsiniz ki, məsələnin arxasında kimlər dayanır. Ona görə bu məsələlərin gündəmə gəlməsini istəmirlər. Onun qarşısını almaq əvəzinə hər ötən gün daha da artırırlar. Bu, dini məsələ deyil. Buna İqtisadiyyat Nazirliyi nəzarət edər. Bu, din adı altında istifadə olunan məsələdir. Pirlər, ocaqlar, seyidlər din məsələsi deyil. Bu, dindən istifadə edənlərin daim gündəmdə saxladıqları və özlərinin mənfəətinə çevirdikləri, planlaşdırılmış məsələlərdir.

- Həmin qüvvələr niyə məhz Qurana deyil, hədislərə inanırlar, onu insanalara təlqin etmək istəyirlər. Niyyət nədir?

- Çünki insanları Qurandan uzaqlaşdırıblar. İnsanlar Qurana müraciət etmirlər. Özünü dindar və ilahiyyatçı sayanların əksəriyyəti Quranı sona qədər oxumayıb. Orada yazılanlara ötəri yanaşırlar, onu ciddi qəbul etmirlər. Orada sorğulanmalı məsələləri sorğulamırlar. Elə bilirlər ki, belə olmalıdır. Onlara daim asan və nağılvari gələn rəvayətləri, hədis deyilən anlayışları əsas götürüblər. Diqqət edəndə şahidi oluruq ki, hədislərdə bir çox ziddiyyətlər mövcuddur. Məsələn, bəzi hədislərdə yazılır ki, Adəmin yoldaşı Həvvaya görə qadınlar xəyanət edirlər. O qədər absurdlar var ki... Guya sonuncu peyğəmbərimiz deyib ki, qadının ağlı da, dini də zəifdir. Amma bu, belə deyil. Belə məsələləri saymaqla bitməz. Özlərinin dinə aidiyyəti olmayan yanaşmalarını hədislər vasitəsilə din adı altında təlqin edirlr. Bunlardan da xilas yolu Qurana əsaslanmaqdır. Bəziləri Quran və hədis, Quran və sünnə desə də şiələr sünnilərin, sünnilər isə şiələrin hədislərini qəbul etmirlər. Elə təəssürat yaradırlar ki, guya hədisləri qəbul edir, amma bir-birilərini az qala kafirlikdə ittiham edirlər.

- Sağlam islamla bağlı müəyyən fikirlər ortaya qoyan adamlara həyati təhlükələr yaranır. Deputat Fazil Mustafa “nümunəsi” var. Adamı evinin qabağında güllələdilər. Sizə də təhdid və təzyiqlər varmı?

- Bütün bunlar var, amma dövlətimiz də belə məsələlərin qarşısını almaq üçün ciddi addımlar atır.

Aydın Baxış


SON XƏBƏRLƏR

02 May 2025