Böyük Britaniyada Endi Börnhemin baş nazir vəzifəsinə gəlməsi sadəcə hökumət başçısının dəyişməsi kimi qiymətləndirilməməlidir. Bu hadisə son illərdə Britaniya siyasətində yığılıb qalan iqtisadi, sosial və institusional problemlərin yeni siyasi mərhələ yaratdığını göstərir.
Börnhem iyulun 20-də baş nazir kimi ilk çıxışını edib, iyulun 21-də isə yeni hökumətinin əsas istiqamətlərini açıqlamağa başlayıb. Onun Kir Starmeri əvəz etməsi ilə Böyük Britaniya son on ildə yeddinci baş nazirini görmüş oldu. Bu göstərici dünyanın ən qədim parlament demokratiyalarından biri hesab edilən ölkədə siyasi sabitliyin nə qədər zəiflədiyini nümayiş etdirir.
Əslində, Böyük Britaniyada problem yalnız ayrı-ayrı baş nazirlərin uğursuzluğu ilə bağlı deyil. Brexit referendumundan sonra ölkə uzunmüddətli siyasi istiqamətini müəyyənləşdirməkdə çətinlik çəkir. Britaniya Avropa İttifaqından çıxdı, lakin Brexitdən sonrakı iqtisadi və siyasi modelin necə olacağı barədə cəmiyyət daxilində tam razılıq yaranmadı. Bir tərəfdən London müstəqil qlobal güc rolunu qorumağa çalışdı, digər tərəfdən Avropa bazarı ilə əlaqələrin zəifləməsi ticarətə, investisiyalara və iqtisadi artıma mənfi təsir göstərdi. Brexit referendumundan on il sonra aparılan qiymətləndirmələr Britaniya iqtisadiyyatının gözlənilən nəticələrə çatmadığını və struktur problemlərinin dərinləşdiyini göstərir.
Endi Börnhem hakimiyyətə məhz belə bir şəraitdə gəlir. Onun qarşısında duran əsas məsələ əhalinin siyasətə və dövlət institutlarına azalan etimadını bərpa etməkdir. Britaniya cəmiyyətində yaşayış xərclərinin artması, mənzil çatışmazlığı, enerji qiymətləri, səhiyyə sistemindəki növbələr, sosial təminat xərcləri və əməkhaqlarının real dəyərinin azalması ciddi narazılıq yaradıb. Yeni baş nazirin ilk çıxışlarında insanların gündəlik problemlərinə, sosial qayğıya, evsizliyin aradan qaldırılmasına və yaşayış səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət ayırması təsadüfi deyil. Börnham anlayır ki, Britaniya seçicisi artıq yalnız ümumi siyasi şüarlarla kifayətlənmir və hökumətdən qısa müddətdə konkret nəticələr gözləyir.
Börnhemin siyasi üstünlüyü onun uzun müddət Böyük Mançesterin meri kimi fəaliyyət göstərməsi və London mərkəzli idarəçilik modelini açıq şəkildə tənqid etməsidir. O, Britaniyada iqtisadi imkanların və dövlət resurslarının əsasən London və ölkənin cənubunda cəmləşdiyini bildirir. Yeni hökumətin əsas vədlərindən biri səlahiyyətlərin regionlara verilməsi, yerli hakimiyyətlərin imkanlarının artırılması və iqtisadi inkişafın bütün bölgələri əhatə etməsidir. Börnhamın “hər poçt indeksində keyfiyyətli iqtisadi artım” yanaşması bu baxımdan onun siyasi proqramının əsas xəttini təşkil edir.
Bu siyasət Britaniyanın ən ciddi problemlərindən biri olan regional bərabərsizliyi azaltmağa hesablanıb. London qlobal maliyyə mərkəzi olaraq qalmasına baxmayaraq, ölkənin şimalında və keçmiş sənaye bölgələrində iqtisadi durğunluq, işsizlik və sosial problemlər daha aydın hiss olunur. Börnhemin Mançester təcrübəsini bütün ölkəyə tətbiq etmək istəyi müəyyən mənada Britaniyanın idarəetmə fəlsəfəsini dəyişmək cəhdidir. Onun məqsədi bütün qərarların Vestminsterdə qəbul edildiyi sistemi zəiflətmək, yerli hökumətlərə nəqliyyat, mənzil, sosial xidmətlər və iqtisadi siyasət sahəsində daha geniş səlahiyyətlər verməkdir.
Lakin yeni baş nazirin vədlərinin həyata keçirilməsi asan olmayacaq. Dövlət borcunun, büdcə xərclərinin və borclanma faizlərinin yüksək olduğu bir vaxtda hökumətin sosial proqramları genişləndirməsi maliyyə bazarlarında narahatlıq yarada bilər. Börnham yaşayış xərclərini azaltmaq, enerji ödənişlərinə müdaxilə etmək, ictimai nəqliyyat tariflərini məhdudlaşdırmaq, sosial mənzil tikintisini genişləndirmək və dövlət xidmətlərinə daha çox vəsait ayırmaq istəyir. Bunun üçün isə ya vergilərin artırılması, ya dövlət borclanmasının genişləndirilməsi, ya da digər sahələrdə xərclərin azaldılması tələb olunacaq. Yeni hökumətin fiskal qaydalardan istifadə edərkən daha çevik davranacağına dair siqnallar artıq Britaniya dövlət istiqrazlarına təsir göstərib.
Məhz buna görə Börnhem üçün əsas sınaq sosial ədalət və maliyyə intizamı arasında balans yaratmaq olacaq. Əgər hökumət böyük xərclər elan edər, lakin onların maliyyə mənbəyini aydın göstərməzsə, investorların etimadı zəifləyə və funt-sterlinq təzyiq altında qala bilər. Britaniya siyasətində Liz Trass hökumətinin maliyyə bazarlarında yaratdığı böhran hələ də unudulmayıb. Yeni baş nazir buna görə sosial yönümlü siyasət həyata keçirməklə yanaşı, bazarlara dövlət maliyyəsinin nəzarətdən çıxmayacağını sübut etməlidir.
Hakimiyyət dəyişikliyinin başqa mühüm səbəbi sağ populist Reform UK partiyasının yüksəlişidir. İmmiqrasiya, yaşayış səviyyəsi və siyasi elitanın cəmiyyətdən uzaqlaşması kimi məsələlər Naycel Faracın rəhbərlik etdiyi partiyanın mövqelərini gücləndirib. Börnhem Leyboristlər Partiyasının ənənəvi seçicilərini Reform UK-dən geri qaytara biləcək siyasi fiqur kimi təqdim olunur. Onun sadə danışıq üslubu, şimal bölgələrindəki nüfuzu və sosial məsələlərə diqqəti bu baxımdan üstünlük hesab edilir. Lakin o, immiqrasiya və sərhəd təhlükəsizliyi məsələsində həm partiyasının sol qanadını, həm də daha sərt mövqe tələb edən seçiciləri razı salmaq məcburiyyətində qalacaq.
Xarici siyasətdə Börnhamın böyük dəyişiklik etməsi gözlənilməsə də, müəyyən üslub və prioritet fərqləri yarana bilər. Yeni baş nazir ABŞ və Ukrayna qarşısında Britaniyanın öhdəliklərini davam etdirəcəyini bildirib. Bu, Londonun NATO daxilində fəal rolunun, Ukraynaya hərbi və siyasi dəstəyinin qorunacağı anlamına gəlir. Bununla belə, müdafiə xərclərinin artırılması daxili sosial proqramlarla maliyyə rəqabətinə girəcək. Britaniyanın qarşıdakı illərdə müdafiə xərclərini yüksəltmək öhdəliyi mövcuddur, lakin iqtisadi imkanlar məhdud olduğuna görə hökumət hansı sahəyə üstünlük verəcəyini müəyyənləşdirməli olacaq.
ABŞ ilə münasibətlərdə də praqmatik yanaşma üstünlük təşkil edəcək. Börnhemin baş nazir kimi ilk xarici təmaslarından birinin ABŞ Prezidenti Donald Trampla olması Londonun Vaşinqtonla xüsusi münasibətləri qorumaq niyyətini göstərir. Bununla belə, ticarət, NATO xərcləri, Ukrayna və Yaxın Şərq məsələlərində Britaniya ilə ABŞ arasında mövqe fərqləri yarana bilər. Börnhamın xarici siyasət təcrübəsinin məhdud olması da hökumətin ilk mərhələdə diplomatik və təhlükəsizlik məsələlərində daha çox peşəkar xarici siyasət komandası vasitəsilə hərəkət edəcəyini göstərir.
Avropa İttifaqı ilə münasibətlər isə Börnhem hökumətinin ən maraqlı istiqamətlərindən biri ola bilər. Böyük Britaniyanın yaxın perspektivdə Aİ-yə qayıtması və ya vahid bazara yenidən qoşulması real görünmür. Bununla belə, iqtisadi durğunluğu azaltmaq üçün Londonun Brüssellə ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, texnologiya, gənclərin mübadiləsi və sərhəd prosedurları sahəsində daha yaxın əməkdaşlığa ehtiyacı var. Börnham açıq şəkildə avropapərəst lider kimi çıxış etməsə də, regional sənayenin gücləndirilməsi və dövlətin strateji sahələrdə rolunun artırılması ilə bağlı fikirləri Avropa İttifaqının “strateji muxtariyyət” siyasəti ilə müəyyən oxşarlıqlar daşıyır.
Bu baxımdan yeni hökumət Brexit qərarını formal olaraq mübahisələndirmədən onun iqtisadi nəticələrini yumşaltmağa çalışa bilər. Yəni Britaniya siyasi baxımdan Aİ-dən kənarda qalacaq, lakin iqtisadi və təhlükəsizlik sahələrində Avropa ilə yaxınlaşacaq. Bu, Börnham üçün həm imkan, həm də riskdir. Avropa ilə yaxınlaşma biznes dairələri və şəhərli seçicilər tərəfindən müsbət qarşılana bilər, lakin Brexit tərəfdarları bunu referendumun nəticələrinin dolayı yolla dəyişdirilməsi kimi təqdim edə bilərlər.
Börnhemin hakimiyyətə gəlməsi Britaniyada seçkisiz baş nazir dəyişiklikləri ilə bağlı müzakirələri də yenidən aktuallaşdırır. O, Leyboristlər Partiyasının lideri seçildikdən və parlament mandatı əldə etdikdən sonra konstitusiya qaydalarına uyğun olaraq baş nazir təyin olunub. Bununla belə, bütövlükdə ölkə seçicilərinin onu baş nazir kimi birbaşa seçməməsi müxalifətin erkən parlament seçkisi tələb etməsinə səbəb ola bilər. Yeni hökumət qısa müddətdə ictimai dəstək qazanmasa, onun demokratik mandatı barədə suallar daha da güclənəcək.
Nəticə etibarilə, Endi Börnhemin baş nazir olması Böyük Britaniyada yalnız kadr dəyişikliyi deyil, mövcud idarəetmə modelinə qarşı artan narazılığın nəticəsidir. Britaniya uzun müddət siyasi sabitlik, güclü institutlar və proqnozlaşdırılan idarəçilik nümunəsi kimi qəbul edilirdi. Son on ildə isə tez-tez dəyişən hökumətlər, Brexitin fəsadları, iqtisadi durğunluq və populist qüvvələrin yüksəlişi ölkənin ənənəvi siyasi modelini sarsıdıb.
Börnhemin uğuru onun Mançesterdə formalaşdırdığı regional və sosial yönümlü siyasəti bütün ölkə miqyasında tətbiq edib-etməyəcəyindən asılı olacaq. O, insanların gündəlik həyatında hiss olunan dəyişiklik yarada bilsə, Leyboristlər Partiyasının mövqelərini bərpa edə və Britaniya siyasətində yeni mərhələ başlada bilər. Əks halda, onun hökuməti də son on ildə bir-birini əvəz edən, lakin ölkənin əsas problemlərini həll edə bilməyən hökumətlərdən biri kimi yadda qalacaq.
Züriyə Qarayeva
Bakı 



