Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevin səhhətində ciddi problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə modern.az-a qısa açıqlamasında Ramiz Rzayevin özü bildirib.
O, qeyd edib ki, artıq neçə vaxtdır ki, ürəyi ilə bağlı xəstəliyi ağırlaşıb və yataq xəstəsinə çevrilib.
Keçmiş səfir hazırda müalicə olunduğunu qeyd edib.
Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev neft və neft-kimya sintezi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) müxbir üzvü seçilib.
Ramiz Rizayev 1993-cü il iyulun 3-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2005-ci ilə qədər bu vəzifədə çalışıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, R.Rizayev uzun illər Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənnindən dərs deyib, AMEA-nın Kimya Problemləri İnstitutunda çalışıb.
Alimin əsas elmi araşdırmaları parafin, olefin və aromatik karbohidrogenlərin oksidləşmə reaksiyaları, katalitik sistemlər və neft-kimya prosesləri ilə bağlı olub. O, 160 elmi əsərin, 50 müəlliflik işinin və 29 patentin müəllifidir. Həmçinin 7 elmlər namizədi və 26 elmlər doktorunun elmi rəhbəri olub.
Qeyd edək ki, sabiq səfirin hazırda 87 yaşı var.
Bakı 



