Sinan Oğan bu gün bizi və Cümhur İttifaqını dəstəkləyəcəyini elan etdi. Ona özümün və bütün yol yoldaşlarım adından təşəkkür edirəm.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında ATA İttifaqının prezidentliyə sabiq namizədi Sinan Oğanın 28 mayda keçiriləcək ikinci turda Cümhur İttifaqının namizədini dəstəkləyəcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
"Sinan bəy bizim terrorla mücadilə, türk dünyası ilə əlaqələr başda olmaqla, vətənimizin rifahı ilə bağlı konkret davrandığımızı çox yaxşı bilir. Onun dilə gətirdiyi bəzi məsələlərə də açıqlama verdik. Bu güc birliyinin ölkəmizin və millətimizin faydasına olacağına inanıram”, - Ərdoğan bildirib.
Türkiyə lideri qaçqınların geri qayıtması ilə bağlı qaldırılan məsələyə toxunaraq qeyd edib ki, indiyə qədər 450 min suriyalı artıq geri dönüb:
“Hazırda orada şəhərciklər qurmaqla, daha bir milyon qaçqının qaytarılmasına dair planımız var”.
Ərdoğan Sinan Oğanın Cümhur İttifaqına dəstəyini gözlədiklərini də etiraf edib:
“Bu bizim gözləntimiz idi. Müxalifətin Sinan bəyə qarşı qaralama kampaniyası aparacağını gözləyirdik. Amma Sinan bəy açıqlaması ilə mövqeyini ortaya qoydu. Mayın 28-də millətimin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşəcək. Ümid edirəm ki, yerli və milli anlayışla ikinci dövrə girəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
















