Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bakıvaxtı.az-ın "Haber Global"a istinadla xəbərinə görə, prezidentlər Türkiyə-Rusiya əlaqələri, xüsusilə enerji, Rusiya-Ukrayna müharibəsi və Suriya başda olmaqla regional mövzularla bağlı müzakirə aparıblar.
Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirdiklərini və gücləndirməkdə davam etdiklərini ifadə edərək, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı "taxıl dəhlizi"ndə aparılan danışıqlar, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticələrinin şahidi olduqlarını xatırladan Ərdoğan, sülh və danışıqlara çağırışların birtərəfli qaydada dəstəklənməli olduğunu söyləyib.
PKK/PYD/YPG terror təşkilatının Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel Rıfat və Mənbicdən təmizlənməsi üçün artıq konkret addımların atılmasının lazım olduğunu vurğulayan prezident Ərdoğan, rejimin konstruktiv olması və siyasi prosesdə müəyyən addımlar atması lazım olduğunu bildirib.
Ramid İbrahimov
















