"İranın Zəngəzur dəhlizinin alternativini ortaya qoyması və bu məsələdə tələsməsi başadüşüləndir".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Həsrət Rüstəmov deyib.
Ekspert bildirib ki, sözügedən dəhliz sadəcə iki ölkəni birləşdirməyəcək, uzaq Asiyadan Qərb ölkələrinə gedən çoxsaylı ölkələri birləşdirən nəhəng kommunikasiya qovşağı olacaq: "İran bu həlqədə yer almaq və faydalanmaq istədiyini nümayiş etdirir. Lakin təəssüf ki, İranın özünütəcrid siyasəti ona bu imkanları vermir. Ona görə də Tehran üçün əlverişli variant bu yolun, yəni Zəngəzur dəhlizinin ümumiyyətlə açılmamasıdır”.
Onun sözlərinə görə, İranın istəklərinə baxmayaraq, Zəngəzur dəhlizi mütləq baş tutacaq, region ölkələri də bunun fərqindədir: “Ermənistan üçün də bu həyati əhəmiyyət kəsb edən bir layihədir. Məsələnin maraqlı tərəflərindən biri də İranın guya yaxın dost olduğu Ermənistanın maraqlarını açıq şəkildə tapdalamaq həvəsində olmasıdır. Vətən müharibəsi zamanı Ermənistanı aşkar dəstəkləyən, ona hər cür yardım edən İran indi dəhlizin bu ölkədən deyil, öz ərazisindən keçməsində israr edir. Bu bir daha onu sübut edir ki, Ermənistan hökuməti də, erməni xalqı da başa düşməlidir ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə onlara lazımdır və mənasız iddialarından əl çəkib bu layihənin reallaşmasına dəstək verməlidirlər".
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib ki, "Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir.
Aydın Baxış