"Hesab edirəm ki, son günlər yaşanan proseslər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının sürətlənməsinə öz müsbət təsirini göstərəcək".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin də ötən gün qeyd etdiyi kimi, Ermənistan hökumətinin mövqeyində nisbətən müsbət yanaşma hiss olunmaqdadır: "Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyində və son günlər sərgilədiyi yanaşmada müəyyən qədər müsbət yanaşma müşahidə olunmaqdadır. Görünən odur ki, Ermənistan hakimiyyəti də sülh prosesinin irəliyə doğru getməsində maraqlıdır”.
Deputat indiki məqamda sülh prosesində irəliləyişin asan olmadığını qeyd edib. Bunu isə Ermənistanda da vəziyyətin gərgin, mürəkkəb və qeyri-müəyyən olması ilə əlaqələndirib: “Hökumət başçısının istefası ilə aksiyalar keçirilir. Müxalifət Paşinyana çox ciddi təzyiqlər göstərir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan sülhlə bağlı səylərini qətiyyərlə davam etdirməkdədir”.
“Düşünürəm ki, qarşıdakı dönəmdə razılığa gələ biləcəyik. Əslində Ermənistanın başqa çıxış yolu da yoxdur", - deyə Ceyhun Məmmədov vurğulayıb.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var. Onun sözlərinə görə, Rusiya Qarabağda davamlı atəşkəsə və təxliyə edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir. Ermənistan parlamentinin sədri A.Simonyan da sülh üçün tarixi şəraitin yetişdiyini, imkanlar olduğunu deyib.
Aydın Baxış