"Barselona" rəhbərliyi və komandanın baş məşqçisi Hans-Diter Flik arasında əməkdaşlığın uzadılması barədə razılığa gəlinib.
Bakıvaxtı.az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı almaniyalı mütəxəssis 2028-ci ilə qədər Kataloniya təmsilçisinin "sükanı arxasında" qalacaq.
Klubun idman direktoru Dekonun vasitəçiliyi ilə aparılan danışıqlara hələ ötən ilin sonlarında start verilmişdi. Lakin Flikin müqaviləni yeniləmək üçün irəli sürdüyü əsas şərt Xuan Laportanın yenidən "Barselona" prezidenti kürsüsünə əyləşməsi olub. Ötən gün keçirilən seçkilərdə səslərin 68%-ni toplayan Laporta inamlı qələbə qazanıb.
Tərəflər arasında müqavilənin uzadılmasına dair rəsmi açıqlamanın yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilir. Alman mütəxəssisin yeni müqaviləsinin müddəti başa çatdıqda, yəni 2028-ci ilin yayında baş məşqçi postu ilə vidalaşacağı gözlənilir.
Xatırladaq ki, Flik 2024-cü ildən etibarən "Barselona"nı çalışdırır. Geridə qalan müddət ərzində o, "Blauqrana" ilə La Liqa, Kral Kuboku və iki dəfə İspaniya Super Kubokunun qalibi olmağı bacarıb.
Bakı 




