Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var. Belə ki, dana əti əvvəl 15 manat idisə, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.
Bəs ətin qiymətinin qalxmasına təsir edən amillər hansılardır?
Cəfər İbrahimli, kənd təsərrüfatı üzrə ekspert
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, son illərdə pandemiya sonrası yem qiymətləri həddindən artıq qalxıb. Bunun nəticəsində də təsərrüfatlarda damazlıq heyvanların ciddi şəkildə kəsimi oldu və damazlıq heyvanlar kəsilməsi daha sonrakı 1-2 il ərzində istehsalın azalmasına və qiymətlərin artmasına səbəb olur.
C.İbrahimli qırmızı ətin daha çox Ukraynadan idxal edildiyinə diqqət çəkərək qeyd edib ki, qiymətin bahalaşmasında bir faktor da Ukraynada baş verən hadisələr və buradan ət idxal edə bilməməyimizdir:
“Digər ölkələrdən donmuş və keyfiyyəti nisbətən aşağı olan ətlər idxal olunsa da. əhali bu ətlərin istehlakına maraqlı deyil. Burada Ukraynadan idxal məsələsindəki azalma ətin qiymətinə təsir edir”.
Ekspert bu proseslərin həlli üçün fundamental məsələlər olduğunu deyir. Bildirib ki, təsərrüfatlarda heyvandarlıq, ucuz yem bazasının təşkil olunması, örüş, otlaq sahələrinin təkrar nəzərdən keçirilməsi kimi məsələlərə baxılmalıdır:
“Müsbət məsələ bundan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur ərazisində yaylaq, otlaq sahələrdə təsərrüfatlar yaradılər. Yaylaq, otlaq, örüş ərazilərində xırdabuynuzlu heyvanların çıxarılma imkanlarının yaxşılaşdırılması isə heyvandarlıq təsərüfatlarının inkişafına müsbət təsir göstərə bilər”.
Müsahibimizin sözlərinə görə, ətin qiymətinin artmasında əvvəlki illərin inflyasiya təsirləri də var. Bununla belə o hesab edir ki, hazırda ölkədə inflyasiya aşağı səviyyədədir və bu mənada cari il üçün çox ciddi dəyişiklik olmayacaq:
“Bizim ümumilikdə dediklərimizi keçən ilin mart ayında olan rəsmi statistika da təsdiqləyir. Keçən ilin mart ayında rəsmi açıqlamalarda həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanların baş sayında 7-8%-lik ciddi azalma təsdiq olunub. Bu da qiymətlərə öz təsirini göstərib”.
Natiq Cəfərli, iqtisadçı ekspert
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ətin qiymətinin qalxmasının bir neçə səbəbi var.
Ekspert bildirib ki, yemin bahalaşması, heyvandarlığa lazım olan dərman preparatlarının xaricdən gətirilməsi və onun da bahalaşması, otlaq sahələrinin azalması ətin qiymətinə təsir edən amillərdir.
Ətçiliklə məşğul olan insanların da istehlakçı olduqlarını vurğulayan N.Cəfərli nəzərə çatdırıb ki, onlar qazanclarına başqa məhsullar alırlar və hər şeyin qiyməti qalxanda məcburən ətin də qiymətini qaldırırlar:
“Ət yerli məhsuldur. Yəni daha çox Azərbaycanın özünün istehsal etdiyi məhsul bazarda satılır. Bütün bunlara baxmayaraq onlar da qiymətləri qaldırırlar. Çünki xərcləri artır. Qazanclarına marketə gedib ailə üçün başqa şey alırlar. Hər şey bahalaşırsa, onlar da qiyməti qaldırmaq məcburiyyətində qalırlar”.
Mina Mikayılova