Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfir səhiyyə naziri Teymur Musayevlə görüşündə deyib.
Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.
Teymur Musayev, həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səfirin sözlərinə görə, iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur: "Azərbaycan ilə Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir".
Ə.Metani, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.