Fransanın Azərbaycandakı səfiri Ann Buayonun səlahiyyət müddəti başa çatır. Bu xəbər rəsmi izahata görə adi diplomatik rotasiya çərçivəsində qiymətləndirilsə də, prosesin siyasi konteksti diqqətdən kənarda qalmır.
Xüsusilə, səfirin bu ilin iyun ayında Şuşaya səfəri və orada səsləndirdiyi, Qarabağın Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayan fikirləri erməni separatçı dairələrində kəskin narazılıq doğurmuşdu. Fransadakı separatçı nümayəndəlik vasitəsilə Prezident Emmanuel Makrona ünvanlanan etiraz məktubu da bunun göstəricisi oldu.
Bu addımın fonunda, Fransa Milli Assambleyasında anti-Azərbaycan ritorikasını davam etdirən, ermənipərəst mövqeyi ilə tanınan deputatların yeni qətnamə təşəbbüsü irəli sürməsi diqqət çəkir. Sənəddə Azərbaycanın daxili işlərinə açıq müdaxilə xarakteri daşıyan, beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə zidd iddialar yer alır. Burada həmçinin Azərbaycan tərəfindən saxlanılan şəxslərin dərhal azad edilməsi tələb olunur ki, bu da faktiki olaraq, ölkənin qanuni məhkəmə qərarlarını “qondarma” adlandırmaq deməkdir.
Azərbaycan diplomatiyasının son illərdə müstəmləkəçilik əleyhinə beynəlxalq tribunalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə münasibətdə nümayiş etdirdiyi açıq tənqid, Parisin siyasi dairələrində narahatlıq yaradıb. Bu narahatlıq, həm erməni lobbisinin, həm də müstəmləkəçilik irsindən qurtulmaq istəməyən qüvvələrin təsiri ilə anti-Azərbaycan addımların artmasına səbəb olub.
Ann Buayonun vəzifədən gedişinin erməni tərəfinin müraciətləri ilə birbaşa əlaqəsi rəsmi şəkildə təsdiqlənməsə də, zamanlama və siyasi fon bunun təsadüfi olmadığını düşündürür. Fransa üçün bu mərhələ, ya qərəzli mövqeyini davam etdirərək münasibətləri daha da gərginləşdirmək, ya da yeni səfirin təyinatı ilə dialoqa qapı açmaq imkanı kimi dəyərləndirilə bilər.
Mövcud reallıq göstərir ki, Parisin ikitərəfli münasibətləri normallaşdırmaq üçün ritorikasını dəyişməsi və qərəzli bəyanatlardan imtina etməsi zəruridir. Əks halda, Fransa vasitəçi və ya tərəfdaş kimi regiondakı proseslərdə etibarlı aktor statusunu qorumaqda çətinlik çəkəcək.
Ruslan Zəngəzur