Dünyanın ən məşhur veb analitika servisi olan Google Analytics istifadəçi məlumatlarının konfidensiallıqları üçün təhlükə yaradır.
Bakvaxtı.az xəbər verir ki, Fransanın Kompüter Elmləri və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyası (CNIL) bu fikirdədəir.
Komissiya hesab edir ki, Google şirkəti avropalı istifadəçilərin məlumatlarının konfidensiallıqlarını lazımi səviyyədə təmin etmir. Bu isə Avropa regionundakı məlumatların təhlükəsizlikləri üzrə ümumi reqlamentin (GDPR qanunu) pozulması deməkdir.
"Google şirkəti avropalı istifadəçilərin ABŞ-a ötürülən məlumatlarının qorunması üçün lazımi tədbirləri görmür. GDPR qanununa əsasən Google həmin məlumatların üçüncü tərəflərə (xüsusi dövlət orqanları da daxil olmaqla) keçməsinə şərait yarada biləcək istənilən imkanı aradan qaldırmalıdır", - deyə Komissiya bildirib.
Qeyd olunub ki, mövcud olan imkanlar ABŞ dövlət orqanlarının həmin məlumatları əldə etmələri faktorlarını aradan qaldırmaq üçün kifayət etmir. Buna görə də fransız saytlarının Google Analytics servisindən istifadə edən və məlumatları ötürülən istifadəçiləri üçün risklər mövcuddur.
Komissiyanın iddiasının əsas məğzi ondan ibarətdir ki, ABŞ-da istifadəçi məlumatlarının qorunması üzrə GDPR qanununa ekvivalent ola biləcək bir qanun yoxdur. Buna görə də Google şirkəti avropalı istifadəçilərin məlumatlarını rahat şəkildə ABŞ dövlət orqanlarına ötürə bilər.
Google dəfələrlə qeyd edib ki, ona məxsus olan veb analitika servisi istifadəçilərin izlənməsi üçün istifadə edilmir və onun vasitəsilə yığılan məlumatlar servisin müştəriləri tərəfindən idarə edilir. Təqdim edilmiş bu bəyanat ilə birlikdə komissiya adı çəkilməyən veb saytın operatoruna (söhbətin hansı veb saytdan getdiyi bilinmir) Google Analytics-dən istifadəni dayandırmaq göstərişi verib.
Qeyd etmək lazımdır ki, bu, Avropanın nizamlayıcı orqanı tərəfindən Google Analytics-i məhdudlaşdıran ikinci haldır. Belə ki, yanvar ayında Avstriyanın nizamlayıcı orqanları da Google Analytics-in istifadəsini qadağan etmişdilər.
















