Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində ötən gün qətlə yetirilmiş şəxs 41 yaşlı iş adamı Fəzahir Əmirahovdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tv Pirveli” kanalının süjetindən məlum olub.
Kənd sakinləri qətlin biznes sahəsindəki reketçiliklə əlaqəli olduğunu iddia edirlər. Onların sözlərinə görə, F.Əmirahov sistematik olaraq hədələrə məruz qalıb, ötən il hətta avtomobili yandırılıb.
Qabal sakinləri bildiriblər ki, naməlum şəxslər F.Əmirahovla əlaqə saxlayaraq ondan pul ödəməsini tələb ediblər. İş adamının qohumlarının sözlərinə görə, son ildə F.Əmirahov avtomobilinin yandırılması və ona qarşı təhdidlərlə bağlı iki dəfə polisə müraciət edib.
Qeyd edək ki, F.Əmirahov Qabal kənd bazarında ət mağazasının sahibi olub. O, ötən gün bazarda güllələnərək qətlə yetirilib. Faktla bağlı qəsdən adam öldürmə ittihamı ilə 27 və 31 yaşlı iki nəfər saxlanılıb.