Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev İrana mesajlar verib.
“Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq",-İ.Əliyev deyib.
Prezidentin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak edən Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında dövlət başçısının verdiyi mesajları şərh edib.
“Hər kəs Azərbaycanın yaratdığı reallıqla barışmalıdır. Təəssüf ki, biz son günlər bəzi dövlətlərin bəzi beynəlxalq qurumların bu reallıqla barışmaq istəmədiyinin şahidi oluruq. Hər kəs bu məsələ ilə barışmalıdır və Azərbaycana qarşı əsassız ittiham səsləndirilməməlidir. Bilirsiniz ki, zaman-zaman müxtəlif dövlətlər, qonşu ölkələr Azərbaycana qarşı ittihamlar səsləndiriblər, ancaq bu ittihamların heç bir əsası yoxdur və əgər İran tərəfi bunu iddia edirsə ki, Azərbaycan ərazisində kimlərsə İran əleyhinə fəaliyyət göstərir. Bu tamamilə əsassızdır və biz İran tərəfindən konkret fakt, dəlil istəyirik. O zaman bu məsələni müzakirə etmək olar, amma bu gün bu cür heç bir əsas olmadan ittihamlar səsləndirmək bu bölgədəki yeni reallıqla barışmaq mənasını daşıyır. Yəni Azərbaycan tərəfi o bütün tərəflərdən bu reallıqla barışmağa tələb edir”,-deyə C.Məmmədov bildirib.
Deputat qeyd edib ki, Azərbaycana qarşı bir çox vəhşiliklər törədilib: “Son otuz ilə yaxın müddətdə Ermənistana bu və ya digər formada havadarları dəstək göstəriblər. Və bu dəstəyin nəticəsində Ermənistan bu gün dünyanın bir sıra ölkələrinə qarşı, xüsusilə Azərbaycana qarşı iddialar səsləndirir. Artıq bitdi məsələ. Hər kəs öz işiylə məşğul olmalıdır. Heç kim Azərbaycanın işinə burnunu soxmamalıdır, bu birmənalıdır”.
Ramid İbrahimov
















