Qəzalı vəziyyətdə olduğu bildirilən binanın əyilməsi sakinləri təşvişə salıb
Bakıvaxtı.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” yaşayış kompleksində, 8 nömrəli binanın uçmaq təhlükəsinin olduğu iddia olunur.
Binanın təxminən 20-30 santimetr önə doğru əyildiyi bildirilir.
Tikinti şirkəti tərəfindən əyilən və çatlar yaranan binanın qarşısı qazılaraq torpaqdan nümunələrin götürüldüyü qeyd edilir.
İş icraçıları bildirir ki, zirzəmidə yeni qapıların açılması bünövrəyə mənfi təsir göstərib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ barədə araşdırma aparılır. Dövlət komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib. Binanın texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılır.
Qeyd edək ki, məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə köçəndən sonra onların yaşadığı binaların şəhid ailələrinə verilməsi nəzərdə tutulub.
Ramid İbrahimov























