Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri atəşkəsi pozmaqda davam edir. Təkcə martın 10-u gecədən səhər saatlarınadək Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu cür atəşkəs pozulmalarının sonu hara gedir?
Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a bildirib ki, son günlər Qarabağda rus sülhməramlılarının yerləşdiyi ərazidə heç bir qanuna, hüquqa əməl olunmur: “Ermənilər beynəlxalq hüququn ən ağır cinayətlərini törədirlər. Onlar Xocalı soyqırımını, terror törədiblər. Dünya birliyi də onlara ikili standartlara yönələrək cavab verməyib və heç bir konkret ölçü götürməyib. Biz bilirik ki, yenə də bunlara əməl edilməyəcək. Düzdür, 44 günlük Vətən müharibəsində onların başına elə bir yumruq dəydi ki, hər kəs onların ağıllarını başlarına yığacaqlarını düşünürdü. Ondan sonra da tez-tez atəşkəs pozuldu, Şuşada erməni terrorçuları əsgərlərimizin üstünə qumbara atdı. Həmin terrorçunu xəstə, dəli adlandırdılar. Dəli niyə rus sülhməramlıların olduğu posta yox, erməni postuna yox, Qarabağda separatçıların hansısa hərbi hissəsinə yox, məhz o qədər ərazidən keçib Azərbaycan postuna, özü də Şuşada qumbara atır? Daha sonra atəşkəsi pozanların adını sərxoş qoydular. Üzrxahlıq etdilər ki, təkrarlanmayacaq”

Emin Həsənli: "Qarabağda rus sülhməramlılarının yerləşdiyi ərazidə heç bir qanuna, hüquqa əməl olunmur"
Ekspert qeyd edib ki, son dövrlər bu, davamlı hal alıb və artıq rus sülhməramlıları da bunu gizlədə bilmir: “Artıq buna don geyindirməyin adı yoxdur. Üçtərəfli razılaşma var. Azərbaycan, Rusiya və Ermənistan tərəfinin 10 noyabr 2020-ci il razılaşması, 11 yanvar 2021-ci il razılaşması var. Ermənilər bu razılaşmalara əməl etməli, əməl etməyənlər isə cəzalandırılmalıdır. İlkin dövrlər deyirdilər ki, Ermənistanda ordu rəhbərliyi siyasi hakimiyyətə tabe olmur, onun istefasına çağırır. Daha sonra baş nazir Paşinyan seçkilər keçirərək təkrar seçildi. Hətta indi də Ermənistan prezidenti onun partiyasından seçildi, müdafiə naziri və baş qərargah rəisi dəyişdi. İndi sual olunur, belə olan halda niyə bu hallar təkrarlanır?! Görünür ki, onlar xəstə ideyalarından hələ də əl çəkməyib, yüzillik xəstəlikdən sağalmayıblar. Onların başına təkrar yumruq dəyməlidir. Haqlı olaraq, Azərbaycan cəmiyyətində bu fikir hakimdir ki, Qarabağda antiterror əməliyyatları, pasport qeydiyyatı keçirmək lazımdır. 1991-ci ilə orda yaşayan ermənilərin kimliyi müəyyən edilməlidir. Hələ ki, orda kimlərin yaşamağı tam məlum deyil. Ümumi say məlumdur ki, orada 30-40 min civarında insan yaşayır. Silahlı qüvvələr və separatçılar oradan getməli, 10 noyabr bəyanatına əməl edilməlidir. Rusiya üzərinə götürdüyü öhdəliyə əməl etməli, bölgəyə sülhməramlılar gəldikdə onlar oranı tərk etməlidir”.
E.Həsənlinin sözlərinə görə, bir neçə dəfə olub ki, Rusiya Müdafiə Nazirliyinin saytında Dağlıq Qarabağ sözü işlənilib: “Bir də Ukraynaya yardım zamanı bu məsələ özünü göstərir. Rusiya-Ukrayna müharibəsi zamanı yardımların Dağlıq Qarabağ adından aparılması yolverilməzdir. Rusiya bağladığı müqavilələrə, beynəlxalq hüquqa, Azərbaycanla müttəfiqlik razılaşmasına əməl etməlidir. Doğrudur, Rusiya Müdafiə Nazirliyi sonradan o cümlələri çıxarıb, amma bir şey təəssüf hissi yaradır ki, Qarabağdakı sülhməramlılar seperatçı rejimin, rəhbərliyin və onun bayrağı altında görüşlər keçirir, hərbi dərslər keçir, bu və ya digər formada humanitar yardımlar edir. Məcburi köçkünlər yerinə qayıtmalıdırsa, ən böyük köçkün bir milyon azərbaycanlıdır. Onlar niyə yerinə qayıtmağa kömək etmir?! Rusiya Xocalıda Hadrut qaçqınlarına ev tikir, niyə azərbaycanlıların ərazilərinin minalardan təmizlənməsinə və evlər tikilməsi üçün humanitar yardım etmir? Rusiya niyə birtərəfli yardım edir?! Bu sualların cavabı açıqdır”.
Müsahibimiz deyir ki, kimin istəməsindən asılı olmayaraq, Azərbaycan ərazisi bütövlüyünü təmin edib, bu münaqişə bitib. Dediyinə görə, kimlərsə münaqişəni yenidən alovlandırmaq istəyəcəksə, bu dəfə cəza daha ağır olacaq və Ermənistanın mövcudluğu sual altında qalacaq: “Necə ki, 30 il onlar Amerika, Fransa və Rusiyaya arxayın olub bölgədə seperatçı işğal işlərini həyata keçirmək istəyirdilər. Nə işğalı rəsmiləşdirə bildilər, nə qondarma rejimi kimsə tanıdı. İndidən belə də heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan öz torpaqlarını azad edib”.
Emin Həsənli vurğulayıb ki, Rusiyanın Ukrayna hadisələrindən sonra dünyanın bir çox ölkələri ilə münasibəti həddən artıq kəskinləşib. Tək-tük normal münasibəti olan dövlətlərdən biri də Azərbaycandır: “Rusiya Azərbaycanla münasibətini Qarabağdakı erməni tör-töküntülərinə, seperatçılara görə pozmaq istəyəcəksə, bu, heç bir məntiqə sığmır. Yaxşısı budur ki, Rusiya bu seperatçıları burdan təmizləsin, münasibətlərə real baxsın və Azərbaycanla müttəfiqlik münasibətlərinə sadiqlik nümayiş etdirərək proseslərin nizamlanmasına kömək etsin. Tarix dəyişir, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü dövlətdir”.
Aytac Aslan
















