Avstraliyanın Melburn şəhərində bir ticarət mərkəzində iki müsəlman qadına hücum edən qadın polis tərəfindən saxlanılıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, 30 yaşlı hamilə qadına arxadan yaxınlaşan qadın onun başörtüsündən tutaraq "boğmağa çalışıb". Təxminən 10 dəqiqə sonra isə 26 yaşlı başqa bir qadını itələyib və ona şillə vurub.
Hadisə ilə bağlı açıqlama verən Avstraliyanın Baş naziri Entoni Albanese bu hücumu "qəbuledilməz" adlandırıb və hər kəsin dini inancına hörmət edilməsinin vacibliyini vurğulayıb. O, İslamofobik hücumlara qarşı ciddi tədbirlər görüldüyünü qeyd edib.
Avstraliya İslam Konseyləri Federasiyasının prezidenti Rateb Cneid isə ölkədə müsəlmanlara qarşı zorakılığın artdığını və hökumətin bu məsələyə münasibətinin "yetərsiz" olduğunu bildirib.
Nuriyyə Musayeva