Azərbaycanın aparıcı mətbuat orqanlarından biri olan, özünəməxsus dəst-xətti və zəngin ənənələri ilə seçilən “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 34 il ötür.
Bakıvaxtı.az xatırladır ki, 1991-ci ilin iyulunda fəaliyyətə başlayan “İki sahil” qəzeti Azərbaycan mətbuatında öz yerini layiqincə tutaraq, çətin və şərəfli bir yol keçib. Müstəqillik ərəfəsində senzura şəraitində nəşrə başlayan qəzet zaman-zaman üzləşdiyi maneələrə baxmayaraq, ideallarına və prinsiplərinə sadiq qalıb. O dövrdə xalqın ümidi olan, “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinin müəllifləri olan ziyalıların səsi məhz “İki sahil”in səhifələrindən ucalıb.
“İki sahil” hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının, onun siyasi xəttinin təbliğində ön cəbhədə olub. Qəzet Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf mərhələlərini, dövlətçilik kursunun reallaşmasında atılan mühüm addımları müntəzəm şəkildə oxuculara çatdırıb. Mətbu orqan olaraq “İki sahil” cəmiyyətin güzgüsü funksiyasını uğurla yerinə yetirib və bu vəzifəsinə bu gün də böyük məsuliyyətlə yanaşır.
SOCAR-ın təsisçiliyi ilə nəşr olunan “İki sahil” qəzeti eyni zamanda ölkənin iqtisadi uğurlarını, xüsusilə neft strategiyasının həyata keçirilməsində əldə olunan nailiyyətləri geniş auditoriyaya təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq və modernləşmə siyasəti, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət almış bərpa prosesləri də qəzetin gündəlik mövzuları sırasındadır. Böyük Qayıdış prosesinin real mərhələləri və doğma yurdlarına dönən soydaşlarımızın həyat hekayələri “İki sahil”in səhifələrində geniş yer alır.
Zamanın çağırışlarına uyğunlaşaraq, “İki sahil” bu gün artıq yalnız qəzet olaraq yox, həm də internet media platforması kimi fəaliyyət göstərir. “ikisahil.az” saytı və “İki sahil TV” internet televiziyası ölkə və dünya gündəmini operativ və peşəkar şəkildə izləyicilərə çatdırır.
Bakıvaxtı.az redaksiyası qəzetin bütün kollektivini bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır.