Süni intellektin sürətli inkişafı incəsənət dünyasında yeni imkanlar yaratmaqla yanaşı, ciddi müzakirələrə də səbəb olur. Rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində süni intellekt artıq yalnız texniki vasitə deyil, həm də kino, musiqi, teatr, rəssamlıq və digər yaradıcı sahələrdə istifadə olunan mühüm alətə çevrilib.
Bu gün süni intellekt incəsənətdə həm yaradıcı prosesləri sürətləndirən, həm də yeni ifadə formalarının yaranmasına şərait yaradan texnologiya kimi qiymətləndirilir. Bununla belə, müəllif hüquqları, yaradıcılığın orijinallığı və insan əməyinin gələcəyi ilə bağlı suallar aktual olaraq qalır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan aktyor İsmayıl Mirzəcanov bildirib ki, süni intellekt incəsənətin müxtəlif sahələrinə fərqli səpkilərdə təsir göstərir.
Onun sözlərinə görə, musiqi sahəsində süni intellekt müəyyən risklər yaradır. Belə ki, musiqi təhsili olmayan şəxslər xüsusi proqramlar vasitəsilə qısa zamanda mahnılar hazırlayıb platformalarda paylaşa bilirlər ki, bu da peşəkar musiqiçilər arasında narazılıq yaradır. Bununla belə, o hesab edir ki, süni intellekt yaradıcı ideyanı inkişaf etdirmək və texniki dəstək vermək üçün istifadə olunarsa, müsbət nəticələr əldə oluna bilər:
"Teatr sahəsində isə süni intellekt daha geniş imkanlar yaradır. Rejissorlar tamaşaların hazırlanması zamanı araşdırma, obrazların təhlili və yaradıcı həll yollarının tapılmasında bu texnologiyadan yararlana bilirlər. Aktyorlar obrazların hazırlanmasında, teatrın marketinqi və səhnə tərtibatında da süni intellektdən köməkçi vasitə kimi istifadə edirlər".

İsmayıl Mirzəcanov, aktyor
Həmsöhbətimiz deyib ki, bununla yanaşı, dramaturqlar və ssenaristlər üçün müəyyən risklər mövcuddur. Artıq bəzi hallarda yeni pyes və ssenarilərin hazırlanmasında süni intellektə müraciət olunması yaradıcı peşələrin gələcəyi ilə bağlı müzakirələri artırır.
Müsahib qeyd edib ki, milli mədəni irsin qorunması vacibdir və klassik əsərlərin süni intellekt vasitəsilə mahiyyətinin dəyişdirilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri milli sərvət hesab olunur və onların məzmununun dəyişdirilməsi mənfi nəticələrə səbəb ola bilər:
"Eyni zamanda, teatr tamaşalarının hazırlanmasında süni intellekt maliyyə və vaxt baxımından böyük üstünlüklər yaradır. Bir tamaşanın musiqi tərtibatı və səhnə atmosferinə uyğun kompozisiyalar qısa müddətdə hazırlanaraq yaradıcı heyətə təqdim oluna bilir. Ssüni intellekt incəsənət üçün böyük imkanlar yaratsa da, onun istifadəsi məsuliyyətli və peşəkar şəkildə olmalıdır. Onun fikrincə, süni intellekt insan yaradıcılığını əvəz etməməli, əksinə sənətçinin ideyalarını daha effektiv reallaşdıran köməkçi vasitə kimi çıxış etməlidir".
Dünya Balakişiyeva
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



