• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Cəmiyyətin bəlası - "Camaat nə deyər" düşüncəsi bizi hara sürükləyir?

CƏMİYYƏT

14 Fevral 2024 | 16:57

Cəmiyyətin bəlası - "Camaat nə deyər" düşüncəsi bizi hara sürükləyir?

“Camaat nə deyər?”... Təəssüf ki, yaşadığımız cəmiyyətdə bu düşüncə xeyli sayda insanın həyatını idarə edir. Bunun fonunda öz istəklərimizi önəmsəməyərək, tanımadığımız insanların varlığını ön planda tuturuq. Bununla da bir dəfə gəldiyimiz bu həyatı istədiyimiz kimi yaşaya bilmirik.

İnsanlar evlənərkən, boşanarkən, təhsil alacağı ixtisası seçərkən, hətta uşağını tərbiyə edərkən belə bu düşüncənin təsiri ilə səhv addımlar ata bilirlər. Bununla da sonda arzuolunmaz hallar qaçılmaz olur.

Məhz ötən gün 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ailəsini qətlə yetirməsində də bu düşüncənin böyük rolu var.

Bakıvaxtı.az xəbər verir ki, Ə.Əhmədovun əmisi açıqlamasında oğlanın xəstəxanaya yerləşdirildiyini, lakin “anası direktordur, camaat nə deyər?” düşüncəsi ilə oradan çıxardıqlarını vurğulayıb. Nəticə isə məlumdur...

Bəs insanlar cəmiyyəti nəyə görə bu qədər önəmsəyir?

Psixoloq Ayşən Bayramova Bakıvaxtı.az-a bildirib ki, insanlar cəmiyyətə daxil olmaq və ya orada yerini itirməmək üçün bu fikirlə yaşayır:

“İnsan olaraq təməl ehtiyaclarımızdan biri aidolma ehtiyacıdır. Bu ehtiyac isə sağlam münasibətlərin fonunda qarşılana bilir. Sosial varlıq olan biz insanlar cəmiyyətlə daim qarşılıqlı əlaqdəyik ki, aidolma ehtiyacının qarşılanması üçün zaman-zaman, bəzən də çox vaxt “el-aləm nə deyər” yanaşması ilə həmin cəmiyyətə daxil olmağa və ya yerimizi itirməməyə çalışırıq. Burada “el-aləm” dediyimiz şey, əslində, cəmiyyət, çevrəmiz və sosial qrupdur. Hər cəmiyyətin özünəməxsus normaları, qaydaları, inancları, həyat tərzləri vardır. Belə olan halda isə insanlara yadırğayacaqları duyğuları yaşatsaq, artıq beynimizdə bizdən uzaqlaşacaqlar kimi çarpıq inanclar formalaşdırmış oluruq”.

Psixoloq, əslində, “el-aləm”dediyimiz toplumun hər zaman pis olmadığını deyir. Onun sözlərinə görə, əgər el-aləmin nə deyəcəyi qorxusu sağlam düşünməyimizə və qərar verməyimizə mane olursa, bu zaman problem var deməkdir:

“Hər şeyin bir sərhədi və müəyyən bir ölçüsü olmasının gərəkdiyi bu vəziyyətdə də keçərlidir. Sərhədlərimizin zəif olması halında insanlar həyatımızın o qədər mərkəzində olurlar ki, həyatımızı idarə edə bilmədiyimizin belə fərqində olmaya bilirik. Qınadıqlarıyla, alqışladıqlarıyla, bəyənib və bəyənmədikləri ilə bizi yönləndirən və idarə edən, əslində, onlar olur. Beləliklə, başqalarının doğrularına görə yaşamağa başlayırıq”.

Ayşən Bayramova: Həyatımızın məsuliyyəti öz üzərimizdədir

Ekspert cəmiyyətimizdə mental sağlamlıq problemlərinin birmənalı qarşılanmadığını və bunun üçün də insanların sözügedən müalicə üsullarından yayınması məsələsinə də toxunub. Bildirib ki, çox zaman lazımi dəstəyin alınması yerinə, vəziyyətin öz üsullarınca kontrola alınması cəhdinə üz tutula bilir. Belə olan halda isə müalicə prosesi ya gecikdirilir, ya da, ümumiyyətlə, bu prosesdən qaçılır:

“Ancaq unutmayaq ki, həyatımızın və sağlamlığımızın məsuliyyəti öz üzərimizdədir və bu məsuliyyəti almaq lazımdır”.

Həmsöhbətimiz yekunda onu da qeyd edib ki, biz şəxslərin mövzulara, hadisələrə eyni yanaşmadığını, hər insanın öz yanaşması və önəmlilik sıralaması olduğunu bilsək, eləcə də bizim onların bir şeyləri düşünmə ehtimalları üzərindən həyatımızı istiqamətləndirdiyimizin fərqində olsaq, bu cür vəziyyətlərdə doğru qərarlar verə bilərik.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026