"İran İsraili vuracağına, yəni hücumlara cavab veriləcəyinə söz vermişdi. Bir növ müharibə elan etmişdi. Ona görə də raket hücumları təşkil etdi.
Bunu Bakıvaxtı.az-a siyasi elmlər doktoru, professor Qabil Hüseynli İranın İsraili raket atəşinə tutmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran son günlər baş verənlərdən, hücumlardan sonra ciddi təzyiq altında idi. Q.Hüseynli deyib ki, xüsusən “Hizbullah” lideri Həsən Nəsrullahın qətlə yetirilməsi fincanı daşdıran son damcı oldu:
“Yayılan videogörüntülərdən, verilən reaksiyalardan aydın olur ki, İsrailə, hətta paytaxt Tel-Əvivə kifayət qədər çox raketlər düşüb və ciddi zərər dəyib. Tel-Əviv əməlli-başlı panika içərisindədir. Ola bilsin, İsrail məqsədli şəkildə nəticələri az təqdim edəcək. Amma budəfəki hücumlar müəyyən qədər təsirli oldu. Yəni İran müvəqqəti olsa da, qalib tərəf kimi görünür”.
Qabil Hüseynli: Yaxın Şərq alov yerinə dönməkdədir və bu, çox təhlükəlidir
Müsahibimizə görə, şübhəsiz, İsrailin cavab tədbirləri olacaq. ABŞ və Avropa ölkələri birmənalı Tel-Əvivə dəstək verirlər və vəziyyətin gərginləşəcəyi qaçılmazdır. Yaxın Şərq alov yerinə dönməkdədir və bu, çox təhlükəlidir:
“ABŞ İsraildən "proksi güc" kimi istifadə etməkdədir. Gedişatın qarşısını almaq lazımdır. Buna son qoymaq lazımdır. ABŞ və Avropa İsraili dəstəkləməkdən, təhrik etməkdən çəkinməlidir. Çünki regionu əhatə edəcək genişmiqyaslı müharibəyə çevrilə bilər. İranın zərbə altına düşməsi Cənubi Qafqaza və bizim bölgədə gedən proseslərə də təsirsiz ötüşməyəcək".
Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İran ballistik raketlərlə İsrailə hücum edib.
Aydın Baxış