SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb. Hücum nəticəsində iki azyaşlı həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu addım Pakistanın suverenliyinin açıq-aşkar pozulmasıdır. Vurğulanıb ki, vəziyyət kəskinləşərsə, bütün məsuliyyət tamamilə İranın üzərinə düşəcək.
Daha sonra Pakistan İrandakı səfirini geri çağırıb.
Pakistan-İran arasında yaranmış gərginliyi Bakıvaxtı.az-a dəyərləndirən politoloq Turab Rzayev bunun kifayət qədər riskli addım olduğunu deyib.
Analitik vurğulayıb ki, İranın zərbəsi və Pakistanın buna adekvat cavabı regionda çox şeyi dəyişə bilər:
"Pakistan güclü dövlətdir, nüvə dövlətidir və kəşfiyyatı da güclüdür. Pakistan son dönəmdə İranın və ABŞ və Hindistanın güclü dəstəyinə baxmayaraq, Əfqanıstanda dövlət dəyişikliyi edə bildi. Belə bir dövlətlə İranın bu qədər açıq münaqişəyə girməsi kifayət qədər təhlükəli ola bilər”.
Onun sözlərinə göə, eyni zamanda İranın bu addımı da çox qəribə gözlənilir. Çünki hazırda Yaxın Şərqdə baş verənlərdən dolayı İran özü mühasirə və zərbə altındadır:
“İraq və Suriyada, Yəmən və Livanda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirilir. İranın sərhəd komandirləri öldürülür. Belə şəraitdə Tehran ABŞ və Qərb koalisiyasının ona qarşı bəhanə taparaq mübarizəni gücləndirməməsinə çalışmalı idi".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, İranın Pakistana zərbəsi tam əks effekt verəcək:
"Ən azından İrana qarşı potensial müharibədə Pakistan Tehranın mövqeyini tam müdafiə etməyəcək. Ya neytral qalacaq, ya da müəyyən formada ABŞ-yə dəstək verəcək. Pakistanın reaksiyasından görünür ki, onlar İranın bu addımından çox narazıdırlar. Çünki Pakistan müsəlman ölkə kimi İranın dağıdılmasına, parçalanmasına qarşı çıxırdı. Bu mövqe dəyişə bilər".
Aydın Baxış
















