• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

İrəvanın ritorikası müharibəyə daha çox yaxındır

SİYASƏT

09 Sentyabr 2024 | 17:42

İrəvanın ritorikası müharibəyə daha çox yaxındır

Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Cənubi Koreya Respublikasına işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyi səfərin məqsədi ilə bağlı təfərrüatlı açıqlama verməyib. Ekspertlərin təhlilincə, bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var - hərbi əməkdaşlığı inkişaf etdirmək və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərmək. İrəvanın Cənubi Koreyanın hərbi texnikasına maraq göstərdiyi deyilir. Görünür, Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir.

Qeyd edək ki, Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük müdafiə ixracatçısıdır. Cənubi Koreya tanklar, artileriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir.

Bəzi mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Əslində Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmış, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Ermənistanın sülh prosesi ilə paralel istiqamətdə həyata keçirdiyi siyasətlərdən biri də açıq-gizli silahlanmaqdır:

"Məhz bu cür davranışlara görə, İrəvanın sülhlə bağlı bəyanlarına etibar edilmir, səmiyyəti şübhə altına alınır. Çünki paralel olaraq silahlanır və təxribatlara əl atır. Həmçinin, Bakının şərtlərini də qulaqardına vurur”.

Ekspert bildirib ki, Ermənistan indiyə kimi Fransadan, Yunanıstandan, Hindistandan, Koreyadan və adları bilinməyən bir neçə dövlətdən silah-sursat, hərbi texnikalar alır:

“İrəvan hökuməti bir tərəfdən davamlı sülhlə bağlı açıqlamalar verir, sazişin 16 bəndindən 13-nün razılaşdırıldığını, müqaviləyə imza atmağa hazır olduqlarını bəyan edir.  Digər yandan isə sülh danışıqları ilə bağlı boğazdan yuxarı açıqlamalar verir. İrəvan hökuməti sülhlə imitasiya edir. Məqsədi vaxtı uzatmaqdır. Ssenarini elə formada qurmaq istəyir ki, guya Ermənistan sülhpərvərdir, problemlər isə ancaq Azərbaycan tərəfindən qaynaqlanır. Beynəlxalq ictimaiyyəti aldadırlar".

Müsahibimiz bəyan edib ki, sülh istəyən bir dövlət açıq-aşkar silahlanmaz və hərtərəfli sülhə köklənər:

"Hesab edirəm ki, Paşinyan komandasının addımları sülhə yönəlik deyil və bunu məqsədyönlü şəkildə edirlər. İrəvanın ritorikası müharibəyə daha çox yaxındır. Ancaq Ermənistan savaşmaq, hərbi sahədə üstünlük əldə etmək imkanında olmadığı üçün "sülh" adı altında öz ambisiyalarını reallaşdırmağa çalışırlar. Hərbi texnikaların alınması isə gələcəyə hesablanmış təxribatlardan xəbər verir”.

Onun sözlərinə görə, Ermənistan arxasındakı xarici dəstəyə arxayın olaraq Cənubi Qafqazda sülh istəməyən ölkələrin çaldığı havaya oynamaqdadır:

“Regionda sülh istəməyən xarici güclərin məqsədi tərəflər arasında sülhü gecikdirmək və bu müddət ərzində bölgədə öz maraqlarının daha çox təmin olunmasını reallaşdırmaqdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

16 Sentyabr 2024