• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycanda ingilisdilli jurnalistika təhsili: nələr dəyişməlidir?

MEDİA

17 Sentyabr 2024 | 09:14

Azərbaycanda ingilisdilli jurnalistika təhsili: nələr dəyişməlidir?

Jurnalistika təhsilinin ingilis dilində aparılması qlobal məkana inteqrasiya və müasir informasiya dövründə rəqabətqabiliyyətli kadrların yetişdirilməsi baxımından vacib addımdır. Bu yanaşma, yalnız dilin öyrənilməsi deyil, həm də beynəlxalq səviyyədə peşəkar düşüncə tərzinin və dünyagörüşünün inkişaf etdirilməsini təmin edir.

Azərbaycanda jurnalistika təhsilinin ingilis dilində həyata keçirilməsi, ölkənin media sektorunda beynəlxalq standartlara uyğunlaşma prosesini sürətləndirə bilər. Bununla belə, bu sahədə müxtəlif istiqamətlərdə dəyişikliklər etmək zəruridir ki, təhsilin keyfiyyəti və onun beynəlxalq əlaqəsi güclənsin.

Bəs bu dəyişikliklər hansı istiqamətdə aparılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Anzulə Pərvizqızı bildirib ki, ingilis dilində jurnalistika təhsili ilk növbədə tələbələrin beynəlxalq mediada rəqabətə hazırlığını artırır:

"Müasir dünyada ingilis dili qlobal ünsiyyət vasitəsidir və demək olar ki, bütün beynəlxalq media qurumları bu dildə fəaliyyət göstərir. Azərbaycanda jurnalistika fakültələrində ingilis dilində tədrisin genişləndirilməsi, tələbələrin beynəlxalq mediada işləmək üçün gərəkli olan peşəkar dildə tədris almalarını təmin edir. Bununla tələbələr həm də dünyanın aparıcı jurnalistika məktəblərindəki tədris proqramlarına çıxış əldə edə, müxtəlif ölkələrdə təcrübə və təhsil mübadiləsi imkanlarını genişləndirə bilərlər. İngilis dilində təhsil almaq, tələbələrin informasiya qaynaqlarına daha geniş çıxışı təmin edir. Beynəlxalq xəbərlərin çoxu ingilis dilində yayımlanır, araşdırmalar bu dildə dərc olunur və jurnalistika ilə bağlı qabaqcıl nəzəriyyələr ingilis mənbələrində daha geniş şəkildə mövcuddur. Bu isə tələbələrin daha zəngin və müxtəlif mənbələrlə işləmək imkanını artırır. Azərbaycanın media sektorunda beynəlxalq mövzulara daha çox yer ayırması da jurnalistlərin bu bilik və bacarıqlarına tələbatı artırır".

Müsahibimiz bildirib ki, jurnalistika tələbələrinin ingilis dilində təhsil alması onların yalnız dil bacarıqlarını deyil, həm də peşəkar yanaşmalarını formalaşdırır. Onun sözlərinə görə, tələbələr bununla beynəlxalq jurnalistika təcrübəsi ilə yaxından tanış olmaq, obyektivlik, etik prinsiplər və qlobal baxış tərzi kimi vacib jurnalistika prinsiplərini daha dərindən öyrənirlər. Müasir jurnalistikanın əsas xüsusiyyətlərindən biri də çoxşaxəli bacarıqların formalaşdırılmasıdır. İngilis dilində tədris tələbələrə təkcə yazılı jurnalistika deyil, həm də multimedia, rəqəmsal platformalar, sosial media və vizual jurnalistika sahələrində də biliklər qazandırır. Qeyd edib ki, Azərbaycanda jurnalistika təhsilində müasir texnologiyalar və yenilikçi metodların tətbiqi də tələbələrin rəqəmsal dünyada öz yerlərini tapmalarını təmin edəcək. Müasir jurnalistika sürətlə elektron sahəyə keçir və bu, ingilis dilində tədris olunan proqramlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Bu istiqamətdə tələbələrin texnologiyalara yiyələnməsi və qlobal media şəbəkələrində öz mövqelərini gücləndirməsi vacibdir.

Anzulə Pərvizqızı: Azərbaycan jurnalistikasında beynəlxalq mövzulara geniş yer ayrılır

Anzulə Pərvizqızı diqqətə çatdırıb ki, ingilis dilində jurnalistika təhsilinin əsas üstünlüklərindən biri də tələbələrin beynəlxalq təcrübə və təhsil mübadiləsinə çıxışını genişləndirməsidir:

"Dünyanın qabaqcıl jurnalistika məktəbləri, beynəlxalq media qurumları və təşkilatlar ilə əməkdaşlıq imkanları ingilisdilli təhsil vasitəsilə daha da genişlənir. Bu isə tələbələrə qlobal səviyyədə tanınan mütəxəssislər ilə təcrübə mübadiləsi aparmaq və yeni media trendlərini mənimsəmək üçün əvəzolunmaz şanslar təqdim edir. Azərbaycanın gənc jurnalistləri beynəlxalq səviyyədə mütəxəssislərlə birgə layihələrdə iştirak edə və qlobal media ekosistemində rəqabətədavamlı olmaq üçün gərəkli bacarıqları formalaşdıra bilərlər".

O qeyd edib ki, hazırda bu sahədə bəzi problemlər mövcuddur:

"Tələbələrin dil səviyyəsini yüksəltmək məqsədilə ingilis dili hazırlıq proqramlarının gücləndirilməsi və jurnalistika fakültələrində daha çox tədris resurslarının təmin edilməsi vacibdir. Azərbaycanda bu sahədə bir çox yeniliklər tətbiq olunsa da, onların davamlı və uzunmüddətli inkişafı üçün tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması və daha müasir təhsil metodlarının tətbiqi zəruridir".

Belə bir nəticəyə gəlmək olar kİ, ingilis dilində jurnalistika təhsili Azərbaycan jurnalistikasının beynəlxalq mediada öz mövqeyini möhkəmləndirmək və qlobal standartlara uyğun kadrlar yetişdirmək üçün əhəmiyyətli bir vasitədir. Tələbələrin beynəlxalq mediada rəqabət aparmaq bacarıqlarını inkişaf etdirmək, qlobal trendləri izləmək və müasir texnologiyalarla işləmək kimi üstünlükləri nəzərə alındıqda, bu yanaşmanın daha da genişləndirilməsi və təkmilləşdirilməsi Azərbaycan mediasının inkişafında mühüm addımlardan biri olacaqdır.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

20 Dekabr 2024