Hazırda insanların böyük əksəriyyəti mağazalara getmədən onlayn alış-verişə üstünlük verirlər. Bununla onlar həm də zamanlarına qənaət edirlər. Amma zamana qənaət edərkən bəzən dələduzluğun qurbanı ola bilirlər.
Belə ki, demək olar, bank kartı məlumatlarının daxil edildiyi alış-veriş və xidmət sahələrinə aid olan saytlardan vəsait oğurlanması barədə hər gün məlumat yayılır.
Bəs görəsən vətəandaşlar alış-veriş etdikləri saytın etibarlı olmasını hardan bilə bilərlər? Hansı məqamlara diqqət etməliyik ki, dələduzluq qurbanı olmayaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev bildirib ki, hazırda çoxsaylı onlayn ödəmə mənbələri mövcuddur və bütün alış-veriş saytları da bu ödəmə xidmətlərindən istifadə edərək, yəni onlara inteqrasiya olaraq işləyir.
Bəhruz Əliyev: Dələduzlar özlərini alış-veriş saytına da bənzədərək, öz hesablarına ödəniş ötürə bilər
Onun sözlərinə görə, onlayn ödəmə mənbələri çox olduğu üçün, bəzi istifadəçilər üçün, çaşdırıcı ola bilər və bu fürsəti imkan bilən dələduzlar özlərini rəsmi ödəmə sistemlərinə və onun korperativ interfyesinə oxşadaraq, insanları aldatmağa çalışırlar:
“Məlumatsız insan üçün bəzən bu çox çətin ola bilər. Bəzən dələduzlar özlərini alış-veriş saytına da bənzədərək, öz hesablarına ödəniş ötürə bilər. Maariflənərək bəzi məsələləri hər bir orta səviyyəli istifadəçi öz imkanları ilə dəqiqləşirə bilər”.
B.Əliyev insanları bir neçə məqama diqqət etməli olduğunu vurğulayır. Dediyinə görə, vətəndaşlar onlayn alış-veriş üçün, ayrıca virtual bank kartı açaraq, əməliyyatları onunla etsinlər və virtual məkanda ancaq bu kartdan yararlansınlar, karta ancaq ediləcək ödəniş qədər pul köçürsünlər:
“Belə olduqda çox pul itirmə riskləri azalır. Amma tələyə düşdüyünüzü müşahidə edən kimi kartı bloklayıb banka və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur”.
Bundan başqa, gələn ödəniş linkidirsə, həmin linkin əsas kök domen adresinə daxil olaraq, məlumatlarla tanış ola bilməyin mümkünlüyünü diqqətə çatdırıb, qaynar xətt və saytdakı məlumatların etibarlılığını aydınlaşdırmağın vacibliyini deyib.
Ekspert onu da nəzərə çatdırıb ki, etibarlı internet saytları bir çox ödəniş seçimləri təklif edir və müştərilərə tanınmış ödəniş sistemləri ilə ödəmə imkanları təqdim edirlər.
“İnternet saytının "Məxfilik Siyasəti" və "Təhlükəsizlik Siyasəti" bölmələrini oxumaq vacibdir. Burada, şəxsi məlumatların necə istifadə ediləcəyi, saxlanılacağı və təhlükəsizliyinin necə təmin edildiyi barədə məlumatlar yer alır”.
Müsahibimizə görə, alış-veriş saytı URL-si "https://" ilə başlayırsa, bu, saytın SSL təhlükəsizlik protokolundan istifadə etdiyini göstərir. Onun sözlərinə görə, bu, məlumatların şifrələnərək göndərilməsinə kömək edir və saytın məxfilik standartlarına riayət etdiyini göstəricisidir.
B.Əliyev müştərilərin rəyləri və sosial media hesablarından saytın dəyərini və məxfilik səviyyəsini qiymətləndirə biləcəklərini söyləyib:
“İstifadəçilərin paylaşdığı təcrübələr və rəylər saytın etibarlılığını yoxlamaqda yardımçı ola bilər”.

Elvin Həsənov: Vətəndaşlar yalnız etibarlı alış-veriş səhifələrindən istifadə etməlidirlər
İnformasiya texnologiyaları (İT) üzrə ekpert Elvin Həsənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, kiberhücumlardan qorunmaq üçün mənbəyi bilinməyən alış-veriş səhifələrindən uzaq durmaq lazımdır.
Onun sözlərinə görə, ölkə daxilində gedən çoxsahəli təbliğatlara rəğmən vətəndaşlarımız hələ də dələduzluğun qurbanına çevrilirlər.
"Günümüzdə vətəndaşlarımızın onlayn alış dövriyyəsinə daha çox üz tutması hər kəsə məlumdur. Bu vəziyyət məkan dəyişmədən istədiyin məhsulu rahatlıqla əldə etmək üçün müsbət hal olsa da, insanları gözləyən risklər də mövcuddur. Son aylarda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən rəsmi açıqlamaya əsasən, kifayət qədər vətəndaşa aid bank məlumatları ələ keçirilib və müəyyən məbləğli pul vəsaitləri aldadılaraq alınıb". - deyə ekspert qeyd edib.
E. Həsənov vurğulayıb ki, vətəndaşlar yalnız etibarlı alış-veriş səhifələrindən istifadə etməlidirlər. Bundan başqa, alınan məhsulun ödənişini onlayn qaydada edərkən soruşulan kart məlumatlarını alış səhifələrinin yaddaşında saxlamamalıdırlar:
"Əgər şəxs dələduzluğun qurbanı olubsa, bank kartındakı vəsait tam deyil, müəyyən bir miqdarda silinibsə, həmin adam dərhal bankla əlaqə saxlayıb hesabını bloklamalıdır. İnsanlar bəzən kartı bloklayır, amma bu, pulun silinməsinə maneə deyil. Ona görə də hesab bloklanmalıdır ki, ödəniş avtorejimdə olan zaman təkrar pul silinməsin. Əlavə olaraq vətəndaşların sosial platforma səhifələrinə, mobil cihazlarına, elektron poçt ünvanlarına gələn saxta şans (hədiyyə) kuponlarına, insanları şirnikləşdirən linklərə daxil olmamaq və eyni zamanda bilinməyən tətbiqlərin mobil cihazlara yüklənməsi tövsiyə olunmur".

Elvin Abbasov: Vətəndaşlar alış-veriş zamanı kart məlumatlarını saytda saxlamamalıdırlar
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov isə Bakıvaxtı.az-a açıqlamasında vətəndaşları ehtiyatlı olmağa çağırıb.
O qeyd edib ki, artıq bir neçə ildir vətəndaşlar xüsusən də xidməti saytlardan istifadə edərkən sui-istifadə halları ilə üzləşirlər:
"Vətəndaşlar xidməti saytlardan istifadə etdikdə kart məlumatlarını daimi yaddaşa qeyd edərkən bəzi hallarda balanslarından xırda məbləğlər çıxılır. Ona görə də vətəndaşlar alış-veriş zamanı kart məlumatlarını saytda saxlamamalıdırlar”.
“Vətəndaşlar xarici xidmətlərdən istifadə edərkən aldadılmamaq üçün ödəniş zamanı diqqətli davranmalıdırlar", - deyə Elvin Abbasov əlavə edib.
Mina Mikayılova
Gülşən Şərif
















