Son vaxtlar koronavirusa yoluxan xəstələrin əksəriyyəti evdə müalicəyə üstünlük verir. Ancaq edilən yanlış müalicənin nəticəsi bəzən daha ağır olur.
Xüsusi rejimli karantin xəstəxanasının direktoru Emin Hüseyn Bakıvaxtı.az-a bildirib ki, evdə yalnız həkimin təyinatı ilə ev nəzarətinə götürülən xəstələr yatmalıdır: “Bəzən stasionar müalicəyə ehtiyacı olan xəstələr bundan imtina edirlər. Amma bu, düzgün deyil, təhlükəlidir”.
Onun sözlərinə görə, əgər həkim tərəfindən stasionar müalicə təyin olunubsa, yaxşı olar ki, həmin xəstələr stasionar şəraitdə müalicə alsınlar: “Çünki onlar evdə qalmaqla risk edirlər. Bəzən evdə qalaraq COVID müalicəsindən xəbəri olmayan, birbaşa bu işlə məşğul olmayan orta, hətta kiçik tibb işçilərinin məsləhəti ilə müalicə alanlar olur. Bu müalicələrdən sonra bir çox hallarda xəstədə ağırlaşmalar olduğunu müşahidə etmişik. Əfsuslar olsun ki, həyatını dəyişənlər belə olub”. Həkim qeyd edib ki, protokol qaydalarına görə yüngül formada xəstəlik keçirənlər evdə təcrid olunurlar: “Belə xəstələrə yaşadığı yer üzrə poliklinika və ya xəstəxanalar tərəfindən evdə müalicə üçün nəzərdə tutulmuş paketlər verilməli, müalicə bu paketlərdəki dərmanlarla aparılmalıdır. Əlavə olaraq, bol maye qəbul etməli, otaqlarını tez-tez havalandırmalıdırlar”.
E.Hüseyn bildirib ki, evdə müalicə alan xəstələr sağlam insanlardan tam təcrid olunmalıdırlar. Həmin xəstələr yeməyi belə təcrid olunduqları otaqda yeməlidirlər: “Onlar müəyyən zərurətlərlə bağlı evdə hərəkət edərkən toxunduqları yerlər vaxtaşırı təmizlənməli və dezinfeksiya olunmalıdır”.
Aytac Aslan
















