“İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısından və Avropa İttifaqı-Ermənistan sammitindən sonra Makronun “Ermənistan sevdası” və ya simpatiyası yenidən baş qaldırdı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əlisahib Hüseynov deyib.
Onun sözlərinə görə, bir çoxları Fransa liderininin Nikol Paşinyana hazırkı siyasi dəstəyini Ermənistana simpatiya jesti kimi qəbul edir:
“Amma bilənlər yaxşı bilirlər ki, böyük siyasətdə təkcə simpatiya olmur. Fransa Ermənistana yalnız dost ölkə kimi deyil, daha geniş planda baxır. Bu gün Ermənistan Fransaya ilk növbədə Cənubi Qafqaza “giriş nöqtəsi” kimi lazımdır”.
Müsahibimiz qeyd edib ki, Fransa liderinin İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dönəmlərdə bu istiqamətdə atdığı addımların hamısının iflasa uğramasının tarixçəsi isə hamımıza yaxşı bəllidir. Dediyinə görə, Makronun prezidentliyi dövründə Fransanın xarici siyasəti bütün istiqamətlərdə olduğu kimi Cənubi Qafqaz vektorunda da ciddi şəkildə axsamağa başladı:
“Afrika qitəsindən qovulan, dənizaşırı ərazilərdə isə neokolonialist siyasəti ifşa olunan Makron Fransası Cənubi Qafqazda da ağır zərbələr aldı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər qazanması Makronun Ermənistan üzərindən Cənubi Qafqazla bağlı bütün planlarını alt-üst etdi”.

Əlisahib Hüseynov: Makron Cənubi Qafqazda hərbi və iqtisadi üstünlüklər əldə etmək üçün yararlanmağı düşünür
Siyasi şərhçi vurğulayıb ki, hazırda məhz Azərbaycanın müəllifliyi ilə bölgədə sülh və sabitlik bərqərar olub:
“Rəsmi Bakının qətiyyətli mövqeyi və siyasi iradəsi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması davam edir. Makron isə hiyləgər bir siyasətçi kimi Ermənistan-Azərbaycan normallaşmasını məhz bu anda Fransanın Cənubi Qafqaza gəlişi üçün yeni imkan pəncərəsinin açılması kimi dəyərləndirir. Özünü Avropanın "vahid lideri" kimi zənn edən və İrəvan küçələrində gəzintilərdən ruhlanan Makron, yaranmış indiki əlverişli vəziyyətdən Fransanın Cənubi Qafqazda real siyasi, hərbi və iqtisadi üstünlüklər əldə etməsi üçün yararlanmağı düşünür”.
Əlsahib Hüseynov qeyd edib ki, hazırkı Fransa-Ermənistan yaxınlaşması sadəcə Makronun ermənilərə “simpatiya” nümayişinin təzahürü deyil, əsl həqiqətdə çox dəqiq hesablanmış geosiyasi plandır:
“Bu plan Cənubi Qafqazda təsir imkanlarını artırmaq, Ermənistanın Azərbaycan və Türkiyənin təsir dairəsinə düşməsinin qarşısını almaq, İrəvanla böyük məbləğdə müdafiə müqavilələri, imzalamaq və eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində layihələrin gerçəkləşdirilməsində Fransa şirkətlərinin payını artırmaqdır”.
Aydın Baxış
Bakı 




