Tramp administrasiyası ABŞ-da 1993-cü ildən qüvvədə olan federal yanacaq vergisinin ləğvi və ya müvəqqəti dayandırılması istiqamətində addım atmağa hazırlaşır.
Söhbət benzin üçün hər gallon üzrə 18,4 sent, dizel üçün isə 24 sentlik federal vergidən gedir. Bu qərarın əsas məqsədi sadə amerikalının gündəlik xərclərini azaltmaqdır. Çünki yanacaq qiyməti ABŞ-da təkcə avtomobil sahiblərinin deyil, ərzaqdan daşımaya qədər bütün bazarın qiymətlərinə təsir edir. Benzin bahalaşanda yükdaşıma bahalaşır, yükdaşıma bahalaşanda mağazadakı məhsul da bahalaşır.
Bu addım ilk baxışda iqtisadi qərar kimi görünür. Amma onun çox ciddi siyasi tərəfi də var. Tramp bununla özünü “xalqın cibini düşünən lider” kimi göstərməyə çalışır. O, xüsusilə orta təbəqəyə, sürücülərə, yük maşını sahiblərinə və kənd yerlərində yaşayan seçicilərə mesaj verir. Mesaj sadədir: “Mən Vaşinqtonun topladığı vergini azaldıram, sizin cibinizdə pul qalır”. Bu, seçki dövrü üçün çox güclü ritorikadır.
Ancaq məsələnin bir başqa tərəfi də var. Federal verginin ləğvi avtomatik olaraq benzinin kəskin ucuzlaşacağı anlamına gəlmir. Qiymətin nə qədər aşağı düşəcəyi bazarın reaksiyasından, neft şirkətlərinin davranışından və ştatların öz vergilərindən asılı olacaq. Çünki ABŞ-da təkcə federal vergi yoxdur. Ştatların da ayrıca yanacaq vergiləri var. Məsələn, bəzi ştatlarda bu vergi daha aşağıdır, Kaliforniya kimi ştatlarda isə xeyli yüksəkdir. Ona görə Tramp federal vergini ləğv etsə belə, bütün ölkədə qiymət eyni səviyyədə düşməyəcək.
Burada Trampın siyasi gedişi daha aydın görünür. Əgər respublikaçıların idarə etdiyi ştatlar öz yanacaq vergilərini də azaltmağa getsələr, həmin bölgələrdə benzin daha çox ucuzlaşa bilər. Demokratların rəhbərlik etdiyi ştatlar isə bunu etməsə, əhali qiymət fərqini görəcək və narazılıq həmin ştat rəhbərlərinə yönələ bilər. Yəni Tramp məsələni təkcə iqtisadi deyil, həm də siyasi rəqabət alətinə çevirir. O, federal səviyyədə güzəşt edir və ştatları da eyni addımı atmağa məcbur edən ictimai təzyiq yaradır.
Bu qərarın nəticələri iki istiqamətdə hiss olunacaq. Bir tərəfdən, sürücülər və daşıma sektoru qısa müddətdə müəyyən rahatlıq görə bilər. Yanacaq bir qədər ucuzlaşarsa, bu, ailə büdcəsinə də, kiçik biznesə də müsbət təsir edər. Digər tərəfdən, federal yanacaq vergisi yolların, körpülərin və nəqliyyat infrastrukturunun maliyyələşməsində istifadə olunur. Vergi ləğv edilərsə, hökumət həmin boşluğu başqa mənbədən doldurmalı olacaq. Yəni bu qərar xalq üçün rahatlıq yaratsa da, büdcə üçün yeni sual doğurur.
Ən maraqlısı odur ki, Tramp bu addımla həm iqtisadi narazılığı yumşaltmağa, həm də siyasi gündəmi öz xeyrinə dəyişməyə çalışır. Yanacaq qiyməti ABŞ seçicisi üçün çox həssas məsələdir. İnsan hər gün yanacaqdoldurma məntəqəsində qiyməti görür və bunu birbaşa öz həyat səviyyəsi ilə bağlayır. Ona görə benzin üzərindən verilən qərar sadə iqtisadi addım deyil. Bu, həm də seçicinin psixologiyasına hesablanmış siyasi mesajdır: “Mən qiymətləri salıram, rəqiblərim isə sizdən vergi almağa davam edir”. Trampın bu gedişi də məhz burada güclənir.
Ruslan Zəngəzur
Bakı 




